BMT rəsmisi: Okean və dənizlərin tullantılarla çirkləndirilməsinin fəsadları gündən-günə artır
- 10 sentyabr, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Okean, dəniz və çay sularının tullantılarla çirkləndirilməsinin fəsadları gündən-günə artır.
"Report"un məlumatına görə, bunu BMT-nin Ətraf Mühit Proqramı ilə bağlı Bazel, Rotterdam və Stokholm konvensiyalarının icraçı katibi Rolf Payet "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə deyib.
O, insanların qeyd olunan problemə məhəl qoymamaqla, istər-istəməz qapalı mühitin formalaşmasına yol açdıqlarını vurğulayıb:
"Tullantılar yığılır, çox yaxşı, amma onların hara aparıldığını görmürük. Çirkab sularının borularla hara axıdıldığını da bilmirik. Məgər bu sualın cavabı lazım deyil?"
R.Payet sözügedən sahədə çalışanların, əslində, həmin tullantıların sonrakı taleyi barədə məlumatlı olduqlarını bildirib:
"Dünyanın müxtəlif yerlərində nəzarətsiz qalan nəhəng poliqonlar və tullantı dağları mövcuddur. Tullantılar okeanları, dənizləri, çay sularını çirkləndirir və bunun fəsadları gün-gündən artır".
BMT rəsmisinin fikrincə, bu çərçivədə ən vacib iş maarifləndirmədir.