Badri Naçkebiya: Regional iqtisadi orqanın yaradılması Cənubi Qafqaza fayda verəcək

Xarici siyasət
  • 06 aprel, 2026
  • 16:09
Badri Naçkebiya: Regional iqtisadi orqanın yaradılması Cənubi Qafqaza fayda verəcək

Cənubi Qafqazın nəqliyyat və enerji potensialının tam reallaşdırılması üçün iqtisadi sahədə effektiv strukturun yaradılması məqsədəuyğundur.

"Report" Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın siyasi analitiki və media eksperti Badri Naçkebiya bildirib.

Analitikin sözlərinə görə, sürətlə dəyişən qlobal gündəm fonunda regionda təhlükəsizlik və sabitlik məsələləri ön plana çıxır.

Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müsbət siqnaldır və regionun bütün ölkələri arasında qarşılıqlı fəaliyyətin həm iqtisadi, həm də siyasi sahələrdə inkişafına yeni təkan verə bilər:

"Əgər ən azı iqtisadi baxımdan real fəaliyyət göstərən Cənubi Qafqaz orqanı yaradılarsa, bundan təkcə ayrı-ayrı ölkələr deyil, bütün region qazanacaq".

B.Naçkebiya perspektivdə Cənubi Qafqazın hər üç dövlətinin cəlb edilməli olduğu birgə enerji layihələrinə xüsusi diqqət ayırıb.

Ekspert xatırladıb ki, Azərbaycan və Gürcüstanın bu sahədəki əməkdaşlığı regionun Avropa və Asiya arasında ən mühüm körpü statusunu möhkəmləndirərək əsas rol oynayır. Onun fikrincə, İrəvanın regional iqtisadi proseslərdə iştirakı da müsbət amil ola bilərdi.