Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb
- 02 noyabr, 2026
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzərdə baş verən faciədən sonra aparılan yoxlama nəticəsində Qazaxıstan Müdafiə Nazirliyinin təlimlərinin hazırlanması və keçirilməsində sistemli qüsurların olduğu aşkarlanıb.
"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Oljas Bektenov deputat sorğusuna cavabında bildirib.
Onun sözlərinə görə, kompleks yoxlama təlimlərin gedişatına nəzarət, mümkün risklərin qiymətləndirilməsi və vəziyyət dəyişdikdə operativ reaksiya verilməsinə hazırlıqla bağlı çatışmazlıqları aşkar edib.
"Aşkarlanmış problemlər arasında təhlükəli amillərə kifayət qədər diqqət yetirilməməsi, eləcə də təhlükəsizlik tələblərinə riayət olunmasına lazımi nəzarətin və təlimlərin ən təhlükəli mərhələlərinin dayandırılması barədə qərarların vaxtında qəbul edilməməsi də yer alır", - hökumət başçısı qeyd edib.
Bektenov bildirib ki, Silahlı Qüvvələrdə pilotsuz hava müşahidə sistemləri tətbiq olunur. Güc strukturlarının ayrı-ayrı bölmələrində hərbi qulluqçuların yerini müəyyənləşdirmək və fizioloji vəziyyətinə nəzarət etmək üçün fərdi cihazlardan da istifadə edilir.
Bundan başqa, güc qurumları müntəzəm olaraq Qazaxıstan Milli Hidrometeorologiya Xidmətindən hava dəyişiklikləri və fırtına xəbərdarlıqları barədə məlumat alır.
Prezidentin tapşırığı ilə hərbi islahat planının layihəsi hazırlanıb. Bu layihə hərbi idarəetmə sisteminin təkmilləşdirilməsini və hərbi qulluqçuların təhlükəsizlik tələblərinə mütləq şəkildə əməl olunmaqla təlimlərin planlaşdırılmasına vahid yanaşmaları nəzərdə tutur.
Xatırladaq ki, 2026-cı il sentyabrın 24-də Qazaxıstanda keçirilən təlimlər zamanı 17 hərbi qulluqçu Xəzər dənizinə düşüb, onlardan 14-ü həlak olub.