Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır
- 25 noyabr, 2026
- 18:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan ölkənin 2026-2031-ci illər üzrə proqramının prioritetlərinə uyğun olaraq "Starlink" xidmətlərinin texnoloji həllərinin daha geniş tətbiqi və əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi və süni intellekt naziri David Tadevosyan "Starlink" şirkətinin bazarlara çıxış və inkişaf üzrə direktoru Yuliya Qroblaxerin rəhbərlik etdiyi "SpaceX", "Starlink" və "SpaceXSI" (Grok) şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.
Məlumata görə, xüsusilə, Ermənistanın rəqəmsal transformasiya sahəsindəki milli prioritetlərinə uyğun olaraq dövlət idarəetmə sistemində "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsi imkanları müzakirə edilib. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, mobil rabitənin əhatə dairəsinin genişləndirilməsi, peyk və yerüstü rabitə şəbəkələrinin uyğunluğu, həmçinin yaşayış məntəqələrində rabitə qovşaqlarının və ictimai infrastrukturun inkişafı məsələləri nəzərdən keçirilib.
Bildirilib ki, əsas mövzular sırasına süni intellekt və məlumat infrastrukturunun inkişafı, Ermənistanda məlumatların emalı mərkəzlərinin genişləndirilməsi imkanları, eləcə də yerli şirkətlərin fiziki süni intellekt ("Physical AI") texnologiyalarına çıxışının genişləndirilməsi kimi məsələlər daxil edilib.
Bununla yanaşı, əməkdaşlıq çərçivəsində pilot layihələrin həyata keçirilməsi imkanına xüsusi diqqət yetirilib. Bununla, müxtəlif sektorlarda peyk rabitəsinin, rəqəmsal infrastrukturun və süni intellekt sahəsindəki həllərin tətbiqinin səmərəliliyini qiymətləndirməyə imkan yaranacaq.
Eyni zamanda, kosmik sektorun inkişafı üzrə təşəbbüslər də müzakirə olunub.