Rusiya Priqojının təyyarəsinin qəzaya uğramasının təhqiqatını beynəlxalq qaydalara uyğun aparmayacaq
- 30 avqust, 2023
- 01:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Braziliya istehsalı “Embraer” təyyarəsinin qəzaya uğramasının beynəlxalq qaydalara uyğun aparmayacağı barədə Braziliyanın aviasiya qəzaları təhqiqatı üzrə orqanını məlumatlandırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters”ə Braziliyanın sözügedən qurumundan bildirilib.
“Onlar bunu etməyə məcbur deyillər, bu, sadəcə tövsiyə olunur”, - Braziliyanın Aviasiya qəzalarının təhqiqi və qabaqlanması mərkəzinin (CENIPA) rəhbəri Marselo Moreno açıqlayıb.
Onun sözlərinə görə, əgər Moskvadan dəvət gələrsə, Braziliya bu işdə iştirak edəcək:
“Lakin əgər onlar təhqiqata başlayıb Braziliyanı dəvət etsələr, biz distant iştirak edəcəyik”.
Qeyd edilib ki, daha öncə CENIPA aviasiya təhlükəsizliyinin yaxşılaşdırılması maraqları naminə dəvət ediləcəyi təqdirdə Rusiyanın rəhbərlik etdiyi araşdırmaya qoşulacağını və bunun beynəlxalq qaydalara uyğun aparılacağını bildirmişdi.
Kanadanın Monreal şəhərində yerləşən BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) görə, Moskvadan Sankt-Peterburq təyinatlı uçuş ölkədaxili idi, ona görə də “Əlavə 13” kimi tanınan beynəlxalq qaydalar ona tətbiq oluna bilməz.
Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi açıb.
Daha öncə CNN telekanalı Priqojının təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirib.
Avqustun 27-də Priqojının ölümü rəsmən təsdiqlənib.