Dövlət Departamenti Türkiyəyə Qara dəniz taxıl sazişinin bərpası üçün göstərdiyi səylərə görə təşəkkür edib

Region
  • 31 avqust, 2023
  • 22:39
Dövlət Departamenti Türkiyəyə Qara dəniz taxıl sazişinin bərpası üçün göstərdiyi səylərə görə təşəkkür edib

"ABŞ Türkiyənin Qara dəniz taxıl müqaviləsini bərpa etmək üçün göstərdiyi səyləri alqışlayır".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz BMT və Türkiyə ilə əməkdaşlıq edirik, hər ikisi sazişin bərpası üçün ciddi şəkildə çalışır. Rusiyanın sazişdə iştirakını dayandırması qərarı dünyada ərzaq təhlükəsizliyinə ziyan vurub. NATO-da müttəfiqimiz olan Türkiyəyə mühüm diplomatik səylərinə görə təşəkkür edirik və onların konstruktiv rol oynamağa davam etmələrini alqışlayırıq", - M.Miller qeyd edib.

Qeyd edək ki, avqustun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dəniz taxıl müqaviləsi ilə bağlı rusiyalı həmkarı Sergey Lavrovla Moskvada danışıqlar aparıb. Görüşdən sonra Fidan bildirib ki, Türkiyənin fəal köməyi əsasında BMT taxıl sazişi ilə bağlı yeni təkliflər paketi hazırlayıb.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna və Rusiya taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya rəsmiləri sazişin uzadılmasını təsdiqləməyiblər. Rusiya müqavilənin fəaliyyət müddətinin uzadılması üçün BMT-dən şərtlərinin yerinə gətirilməsini tələb edib və təşkilata 90 gün vaxt verib.

44 filmi