Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə

Qarabağ
  • 31 oktyabr, 2026
  • 12:00
Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bu zəfərin qazanılmasında pay sahibi olan Xüsusi Təyinatlı Qüvvələrin cəsur mənsubları, göstərdikləri misilsiz şücaətlə adlarını hərb tarixinə qızıl hərflərlə həkk ediblər. Uşaqlıq illərində qəlbində alovlanan vətənpərvərlik hissi və hərbi formaya olan sevgisi ilə bu şərəfli yolu seçən qəhrəmanımız Murovdağdan başlayaraq Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində ağır döyüş yolları keçib. O, çətin relyef şəraitində icra olunan strateji əməliyyatlardan, döyüş meydanındakı unudulmaz xatirələrdən və qazandıqları parlaq qələbənin mənəvi qürurundan danışıb.

"Report" Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan zabit Cavid Behbudovla müsahibəni təqdim edir.

– Necə oldu ki, hərb sənətini seçdiniz?

– Mən Culfa rayonunun Qızılca kəndində anadan olmuşam. Rayonumuz qışda soyuq, yayda isə ən isti rayondur. Bunu ona görə vurğulayıram ki, təhsil aldığım dövrdə Xocalı soyqırımı, 20 Yanvar faciəsi və rayonlarımızın işğalı ilə bağlı tədbirlər keçirilirdi. Həmin tədbirlərdə yaşadığımız hadisələrin mahiyyətini dərinliyi ilə dərk edirdik. Bu proses məndə uşaqlıqdan düşmənə qarşı nifrət və torpaqlarımızı azad etmək istəyi formalaşdırırdı. Zaman keçdikcə bu hisslər daha da gücləndi. Düşünürdüm ki, hərbçi olub bu faciələrin qarşısının alınmasında və işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak etmək çox şərəfli olardı. Hərbi formanı seçməyimin əsas səbəblərindən biri də məhz bu düşüncələr idi.

- Qayıdaq 6 il əvvələ - Vətən Müharibəsinin başladığı günə. Həmin gün bir Azərbaycan zabiti, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi hansı hissləri keçirdiniz?

– 2020-ci ilin 27 sentyabrına qədər Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi hər an hər şeyə hazır idik. Şükürlər olsun ki, biz bu şərəfli tapşırığın öhdəsindən gəldik.

Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə

– Döyüş yolunuz hansı istiqamətdən başladı?

– İlkin olaraq döyüş yolumuz Murovdağ silsiləsi istiqamətində başladı. Düşmənin hücumunun qarşısını alaraq əks-hücuma keçdik. Sürətli şəkildə düşmənin ilk postlarını tutduq, daha sonra isə növbəti tapşırığı gözlədik.

– Növbəti tapşırıq hansı oldu?

– Füzuli rayonu istiqamətinə keçdik. Komandanlığın tapşırığına əsasən, qrupumuz Füzulinin kəndlərindən başlayaraq Cəbrayıl rayonu istiqamətində döyüş tapşırıqlarının icrasına başladı. Düşmənin "Ohanyan səddi" adlandırdığı xətti sürətlə yardıq. Cəbrayıl istiqamətində kəndlərimizi düşmən tapdağından azad etdik. Təsəvvür edin ki, bir gündə 20 kilometrdən çox məsafə qət etdiyimiz vaxtlar olurdu, çünki əməliyyatları böyük sürətlə icra edirdik. Oktyabrın 4-də Cəbrayıl şəhərini azad etdik. Növbəti istiqamətimiz yenidən Füzuli rayonu oldu.

- Müharibədə iştirak edənlər bildirirlər ki, Füzuli istiqamətində döyüşlər daha ağır keçib. Çünki düşmən 30 il ərzində orada keçilməz müdafiə sədləri qurmuşdu. Siz bu barədə nə deyə bilərsiniz?

– Ərazinin relyefi düşmənə müdafiə xətti qurmağa şərait yaradırdı. Çünki orada meşə örtüyü yox idi, demək olar ki, düzənlik sahə idi; xırda arxlar, dərələr və kiçik təpəliklər var idi. Harada hündürlük var idisə, düşmən orada müdafiə xətti yaratmışdı. Onlar 30 il boyunca yalnız müdafiə olunmaq haqqında düşünüblər. Harada zəif yerləri var idisə, hamısını möhkəmləndirmişdilər. Füzulidə bizim mövqelərin üstü əksərən açıq olduğu halda, onlar səngərlərin üstünü betonlayıb, üzərini də torpaq qatı ilə örtmüşdülər. Bu da artilleriya atəşinin təsirini azaldırdı. Həmin ərazilərdə atəş sektorları açıq-aydın görünürdü. Bütün bunlara baxmayaraq, biz düşmənin atəş nöqtələrini müəyyən edib onları məhv edirdik.

– Qızğın döyüşlər zamanı təcrübəli zabit kimi qrupunuzu, döyüş yoldaşlarınızı necə motivasiya edirdiniz? Tapşırıqları icra edəndə onları necə ruhlandırırdınız?

– Keçdiyim kurslarda və təlimlərdə bir əsas prinsip var idi: xüsusi təyinatlı döyüş zamanı birinci özündən çox döyüş yoldaşlarını düşünməlidir. Yalnız özünü düşünən şəxs yaralana da bilər, şəhid də olar. Mən özümdən çox qrupumu, döyüş yoldaşlarımı düşünürdüm. İstəmirdim ki, heyətdən kimsə yaralansın və ya şəhid olsun. Qrup komandiri kimi onları öz canımdan əziz tuturdum. Mütəmadi söhbətlər aparırdıq, Qarabağın azad olunmasını mənəvi borcumuz bilirdik. Bütün qrup bu amalı şüuruna həkk etmişdi.

– Vətən Müharibəsi zamanı ən çətin tapşırığınız hansı olub?

– Ərazi relyefi baxımından birinci Murovdağ silsiləsini qeyd edərdim. Çünki orada yüksəklikdə yerləşən postumuzdan sürətlə aşağı enib, sonra düşmənin eyni hündürlükdəki postuna qalxmalı idik. Havanın soyuqluğu, təzyiq dəyişikliyi və ərazinin mürəkkəbliyi istər-istəməz adama təsir edir. Üstəlik, üzərimizdəki təchizat da ağır idi. Ən böyük yük isə üzərimizdəki məsuliyyət idi. Bütün bunlara baxmayaraq, tapşırıqları uğurla icra etdik. Füzulidə də əməliyyatlar çətin keçirdi, çünki düzənlik ərazidə gizlənmək, maskalanmaq mürəkkəb idi və ərazi sıx minalanmışdı. Lakin bunlar qarşımızda əngəl ola bilmədi, bütün çətinlikləri dəf edərək məqsədimizə çatdıq.

– Biz bir vaxtlar işğal tarixini dərsliklərdən öyrənirdik, siz isə o torpaqları addım-addım azad etdiniz. Kəndləri, qəsəbələri azad edərkən hansı hissləri keçirirdiniz? Cəbrayıl, Füzuli azad olunanda keçirdiyiniz emosiyalar maraqlıdır...

– Ümumiyyətlə, mən yaralanandan sonra xəstəxanada televizorda kəndlərimizin azad olunması xəbərlərini gördüm. Çünki döyüşdə olanda nə internetimiz var idi, nə də televiziya. Baş verən hadisələri kənardan izləyə bilmirdik. Düşünürəm ki, xalqımız kəndlərimizin azad olunmasına neçə sevinirdisə, biz o hadisələrin canlı iştirakçısı olduğumuz üçün həyəcanımız bir başqa idi.

Yadımdadır, döyüşlər zamanı Füzuli şəhərinin azad olunması xəbərini aldıq. Biz həmin vaxt Xocavənd istiqamətində irəliləyirdik. Hər yer zülmət qaranlıq idi, hətta maşınlar belə işıqsız, maskalanmış halda hərəkət edirdi. Texnikaların ancaq səsini eşidirdik. Amma uzaqdan işıqlar görünürdü - səhv etmirəmsə, Beyləqan rayonunun ərazisi idi, aramızda hava məsafəsi ilə 30-40 km var idi. Döyüş zamanı içimdə bir arzu keçdi: İnşallah, azad etdiyimiz bu torpaqlarda da işıqlar bərq vuracaq. Şükürlər olsun ki, bu gün həmin ərazilərdə nur saçır.

– Füzuli rayonunda qrupunuzun çox uğurlu bir əməliyyat keçirdiyini eşitmişik. Həmin əməliyyat haqqında məlumat verə bilərsinizmi?

– Füzuli rayonunda Qarğabazarı adlı kənd var. Dəstə komandirindən aldığım tapşırığa əsasən həmin kənddə kəşfiyyat-müşahidə apardım. Yanıma bir nəfər götürüb cəmləşmə məntəqəmizdən 700-800 metr irəliyə getdim. Kəndin girişində böyük bir hündürlük var idi. Müşahidə zamanı ermənilərə məxsus hərbi texnika təsbit etdim. Qaranlıq olduğu üçün kəndin içini tam görmək olmurdu. Texnikanı vurmaq üçün dəstək qüvvə istədim, gələn qüvvə ilə texnikanı məhv etdik.

Səhər hava işıqlanandan sonra düşmənin qüvvələrini müşahidə etdim. 400-500 nəfərlik canlı qüvvə müəyyənləşdirib, dərhal rabitə ilə yuxarı komandanlığa məruzə etdim. Onlar bu heyətlə Füzulinin mərkəzi istiqamətində əks-hücuma keçmək istəyirdilər. Komandanlığın tapşırığı ilə onlara pusqu qurmalı idik. Həmin vaxt biz cəmi 32 nəfər idik. Qrupu iki hissəyə böldük, çünki ermənilər iki istiqamətdə hərəkət edirdilər.

Onların 150 nəfərlik qrupu asfalt yolla Füzuli istiqamətində hərəkətə başladı. Mənim qrupum bu 150 nəfərə pusqu qurub onları məhv etməli idi. Qrupu atəş dəstəyi, hücum və müşahidə yarımqruplarına böldüm. Düşmən bizi görməsin deyə tam maskalandıq və onların "ölü zona"ya daxil olmasını gözlədik. Onlar pusqu zonasında görünən kimi şok atəşi ilə hücuma keçdik. Atəş açılan kimi hücum yarımqrupu hərəkətə keçdi. Mən özüm də hücum qrupunda idim. Əl qumbaralarından və atıcı silahlardan istifadə edərək düşmənin canlı qüvvəsinin böyük hissəsini zərərsizləşdirdik. Dərinlikdə fəaliyyət göstərdiyimiz üçün ağır silahlarımız yox idi, yüngül silahlarla "hər atış - bir ölü" prinsipi ilə sürətli atəş açırdıq. Düşmən cavab verməyə imkan tapmırdı, çünki yuxarıda saxladığımız atəş dəstək qrupu onları sıxırdı.

Bu əməliyyat cəmi 15–20 dəqiqə çəkdi və 136 erməni hərbçisi məhv edildi. Lakin yaxşı maskalanmış bir snayperləri qalmışdı. O snayper döyüş yoldaşımız Aqşin Quliyevi vuraraq şəhid etdi, digər bir hərbçimizi isə yaraladı. Həmin an bizə dəstək qüvvə gəldi. Həmin qrupda indi Vətən Müharibəsi Qəhrəmanı olan Yaşar Hüseynov da var idi. Ona snayperin aktiv işlədiyini bildirdik. Yaşar qısa müddətdə həmin snayperi təsbit edib məhv etdi. Bu vaxt digər qrupumuz düşmənin 250 nəfərə yaxın digər heyətinin texnikaya minib qaçmaq istədiyini izləmişdi. Həmin 250 nəfərlik qüvvə texnikaya oturarkən raket zərbəsi ilə yerindəcə məhv edildi.

– Zəfər qazanmış dövlətin döyüşçüsü olmaq necə bir hissdir? Övladlarınıza, sevdiklərinizə bunu necə izah edirsiniz?

– Mənim iki övladım var, ikisi də müharibədən sonra dünyaya gəlib. Oğluma şəhid döyüş yoldaşımın adını qoymuşam, onun adını yaşadıram. Hər dəfə müharibə ilə bağlı xatirə, film və ya sosial şəbəkədə hər hansı kadr görəndə o günləri yenidən yaşayıram. Amma nəticə qürurvericidir: biz qalib gəldik! Dostlarıma, ailəmə, həmkəndlilərimə bu xatirələri qürurla danışıram.

– Övladınıza adını verdiyiniz şəhid dostunuz kim idi?

– 2008-2011-ci illərdə Hərbi Liseydə, 2011-2015-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışam. Sonra Təlim Mərkəzində 6 aylıq zabit kursunu keçib, "N" saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri kimi fəaliyyətə başlamışam. Bu saydığım pillələrin hər birində şəhid Zeynalov Elnur Elsəvər oğlu ilə eyni otaqda, eyni bölmədə, eyni qrupda xidmət etmişəm. Ümumilikdə 8 il birlikdə təhsil aldıq, sonra 3 il eyni hərbi hissədə müxtəlif qrupların komandirləri olduq. Daha sonra Elnurla 9 aylıq Dəniz Xüsusi Təyinatlıları kursunda birgə təlim keçdik və orada "badi" (döyüş cütlüyü) olduq. "Badi" kursda bir-birini tamamlayan, bir-birinə arxa-dayaq olan insanlara deyilir. Yəni yarımsansa, digər yarın "badın"dir. Mənim digər yarım Elnur idi.

Elnurla sonuncu dəfə 44 günlük Vətən Müharibəsində – oktyabrın 2-də görüşdük. Onlar dəniz xüsusi təyinatlısı olduqları üçün Araz çayı istiqamətində, biz də həmin xətt üzrə irəliləyirdik. Orada görüşüb yarım saat söhbət etdik, bir-birimizə uğurlar arzuladıq. İkimizin də gözündə sevinc var idi, çünki illərdir bu anı gözləyirdik. Sağollaşdıq. Elnurun şəhid olması xəbərini hospitalda aldım. Müalicə alanda dostlarla əlaqə saxlayırdım. Kurs yoldaşım dedi ki, Elnur şəhid olub... Həmin an mənim üçün çox ağır oldu, özümə gələ bilmirdim. 14 yaşımdan bəri onunla birgə idim, öz qardaşımdan çox Elnurla vaxt keçirmişdim. Lakin şəhidlik ən ali məqamdır, bu bizim hər birimizin arzusu idi. Düşünürəm ki, o seçilmiş insan idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

– Yaralandığınız sonuncu döyüş haqqında nə deyə bilərsiniz? Əməliyyat hansı ərazidə baş verdi?

– Biz Xocavənddən Şuşa istiqamətində irəliləyirdik. Qırmızı Bazar qəsəbəsi istiqamətində şiddətli döyüşlər gedirdi. Düşmən anlayırdı ki, Şuşaya gedən yol Qırmızı Bazardan keçir, ona görə də orada böyük qüvvə cəmləşdirmişdi. Döyüş zamanı düşmən bizi pusquya salmaq istədi. Qrupumu açıq ərazidə qoymamaq üçün meşə zolağına keçirdim. Bütün qrup keçdi, mən arxada qalmışdım. Həmin an artilleriya mərmisi yanıma düşdü. Qəlpə məni dərəyə tulladı. Huşum üstümdə idi, bədənimi yoxladım, gördüm hər şey yerindədir. Dərədən çıxmaq istəyəndə hiss etdim ki, ayağımın biri hərəkət etmir. İlkin tibbi yardım göstərildi. Hərəkət məhdudiyyətim yarandığı üçün yuxarı rəhbərliyə məlumat verdim. Döyüş meydanından çıxmaq mənə çox ağır gəlirdi, yaralansam da döyüşmək istəyirdim, çünki qrupum orada idi, icra olunası əmrlər var idi. Amma həkim icazə vermədi. Həyati təhlükə olduğu üçün ayağım amputasiya olunmalı idi. Tez bir zamanda təxliyə edildim və hospitalda əməliyyat olundum.

– Qarabağ azad olunandan sonra həmin ərazilərə, xüsusən döyüşdüyünüz və yaralandığınız yerlərə getmisinizmi?

– Həm dövlət tədbirlərində, həm də dostlarla bir neçə dəfə azad olunmuş ərazilərə səfər etmişəm. Döyüş əməliyyatları keçirdiyimiz yerləri yenidən görəndə həmin anlar gözümün önündə canlanır. İçimizdə böyük sevinc və fərəh hissi yaranır. Mənə ən xoş təsir edən yer Qarğabazarı əməliyyatını keçirdiyimiz ərazidir, çünki orada çox çətin və uğurlu bir tapşırığı icra etmişdik. İndi həmin ərazidən böyük Zəfər Yolu keçir, Qarabağımız çiçəklənir, yenilənir. Nə qədər dəyişiklik olsa da, əməliyyat keçirdiyimiz yerləri görəndə qürur hissi keçirirəm. Yaralandığım yerə gedəndə isə bir az qəmlənirəm, çünki orada döyüşü yarımçıq saxlamaq məcburiyyətində qaldım. Sona qədər gedə bilmədim, qismət olmadı...

Döyüşlərdən sonra Xocalı faciəsinin baş verdiyi əraziyə də getdim. Bayaq qeyd etdiyim kimi, mənim hərbçi olmağımda Xocalı faciəsinin böyük rolu var idi. Arzum idi ki, hərbçi olub torpaqlarımızı azad edim və Xocalıya gedim. Döyüşçü kimi qismət olmasa da, silahdaşlarımın sayəsində həmin torpağa ayaq basdım və o hissləri orada yaşadım.

– Döyüş əməliyyatlarını icra edərkən ən maraqlı xatirəniz hansı olub?

– Füzuli rayonu istiqamətində döyüşlər gedən zaman, əraziyə çatan kimi komandanlıqdan tapşırıq gəldi. Bildirildi ki, ərazidə bizdən yaralılar və şəhidlər var, onların təcili təxliyə olunması lazımdır. Yol şiddətli atəş altında olduğu üçün onları oradan götürmək çox çətin idi. Həmin vaxt mənim qrupuma əmr verildi ki, yaralı və şəhidlərimizi təxliyə edək. Dərhal həmin istiqamətə hərəkət etdik.

Təxliyəni həyata keçirərkən rabitə vasitəsilə bizə yeni məlumat daxil oldu: ərazidə düşmənin hərbi texnikası və canlı qüvvəsi var. Onlar, səhv etmirəmsə, bizim mövqelərin koordinatlarını ötürürdülər və içlərində zabit heyəti var idi. Təbii ki, təcili olaraq onlara pusqu qurmalı idik. Üzərimdə birdəfəlik "Muxa" qumbaraatanı var idi. Kəndin adı tam yadımda qalmayıb, amma arxamızda ermənilər tərəfindən dağıdılmış bir qəbiristanlığımız var idi. Orada bir qəbir daşı dururdu, onun arxasına keçib mövqe tutdum və "Muxa"nı döyüş vəziyyətinə gətirməyə başladım.

Həmin an dəstə komandirim rabitəyə çıxıb dedi: "Atəş açma, özünü riskə atırsan! Avtomobili vuranda sürücü idarəetməni itirsə, yolla arandakı məsafə cəmi 15-20 metrdir, maşın düz üstünə gələ bilər". Lakin mən razılaşmadım və komandirdən xahiş etdim ki, onları məhv etməyə mənə icazə versin. Komandir də mənə inandı, sağ olsun, "İcra et!" dedi.

Düşmən texnikası üstümə doğru gəlirdi. Məsafə 25-30 metr qalmış atəş açdım. Qumbara maşının tən ön hissəsinə dəydi və güclü partlayış baş verdi. Avtomobil alovlar içində bizdən 200-300 metr aralıdakı tarla istiqamətinə tərəf yuvarlandı. Düşmən həmin maşının içində tamamilə məhv edildi.

Bundan başqa, Cəbrayılı azad etdikdən dərhal sonra bizə komanda gəldi ki, növbəti tapşırığı icra etmək üçün komandanlıq məntəqəsinə qayıtmalıyıq. Həmin gün bir gecədə 20 kilometrə yaxın məsafə qət etmişdik. Zülmət qaranlıqda hərəkət etdiyimiz üçün sağımızda-solumuzda düşmən olma ehtimalı çox yüksək idi. Geri qayıdanda artıq səhər açılırdı, dərə boşluğuna enmişdik. Həmin vaxt döyüş yoldaşlarımızdan biri sol tərəfimizdə şəxslər gördüyünü və onların erməni ola biləcəyini dedi. Dərhal mövqe tutduq. Aramızda cəmi 30-40 metr məsafə var idi. Hava tam işıqlanmadığı üçün qarşımızdakıların düşmən olub-olmadığını dəqiq müəyyən edə bilmirdik.

Mənsubiyyəti təyin etmək üçün xüsusi parollarımız var idi. Həmin parolu səsləndirdik, amma cavab gəlmədi. Düşündük ki, bəlkə başqa qrupumuzdur, ehtiyat üçün yoldaşlarımızdan biri rusca soruşdu: "Otkuda?" (Haradansınız?). Onların hərəkətindən hiss etdim ki, sözü tam başa düşdülər: parolu anlamamışdılar, amma rus sözünü tutmuşdular. Həmin an mən hiyləyə əl atıb erməni dilində qışqırdım: "Çixa xortnesi?" (Siqaretin var?). Həmin dəqiqə qarşıdan: "Yes, barev!" (Hə, salam!) deyə cavab verdilər. Onlar elə bildilər ki, biz özlərininkilərik. Bir az da yaxınlaşan kimi 2-3 nəfər başını qaldırdı. İlk olaraq onları nişan alıb məhv etdik, ardından da şok atəşi açaraq hamısını orada zərərsizləşdirdik. Biz həmin təhlükəli yerdən bir nəfər də olsun yaralı və ya itki vermədən uzaqlaşdıq.

– Qələbə xəbərini harada aldınız? Qalib ordunun zabiti həmin günü necə xatırlayır?

– Qələbə xəbərini hospitalda aldım. Televizora baxırdıq, yanımda döyüş yoldaşım var idi. Qələbə elan olunanda qucaqlaşıb bir-birimizi və ordumuzu təbrik etdik. Həmin an Bakıda böyük bayram sevinci yaşanırdı: avtomobil siqnalları, insanların coşqusu... Çox möhtəşəm mənzərə idi. Əməliyyat olunduğum üçün yerimdən qalxa bilmirdim, amma pəncərədən gələn səsləri eşidirdim. Küçələr qələbə sevinci ilə coşurdu. İnsanlar hospitalda yaralı hərbçilərin olduğunu bildikləri üçün xüsusilə oraya cəmləşmişdilər. Düşünürəm ki, təkcə hərbçilər deyil, biz bütün xalq olaraq döyüşdük. Bizi yetişdirən, döyüşə ruhlandıran xalqımız oldu. Döyüş meydanına mülki əhalidən saysız-hesabsız yardımlar, məktəblilərdən, tələbələrdən məktublar gəlirdi. O məktubları oxuyanda bizimlə fəxr etdiklərini görürdük. Bu, bizə əlavə motivasiya və tükənməz bir güc verirdi.

– Müharibədən sonra Ali Baş Komandan döyüşçüləri fəxri adlarla təltif etdi. Siz də "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldünüz. Bu adı daşımaq necə bir hissdir?

– Müharibədən sonra hərbi hissədən zəng edib bildirdilər ki, fərqlənən qulluqçuların adları fəxri adlara təqdim olunub və mənim də adım "Vətən Müharibəsi Qəhrəmanı" adına yazılıb. Mən hətta xahiş etdim ki, məndən də yaxşı döyüşənlər var, bu adı şəhidlərimizə versinlər. Hərbi hissədən bildirdilər ki, hər kəsin fəaliyyəti və nailiyyətləri ayrı-ayrılıqda dəyərləndirilib.

Prezidentin sərəncamında adımı Vətən Müharibəsi Qəhrəmanlarının siyahısında görəndə böyük qürur və sevinc hiss etdim. Özümdən çox valideynlərimin, əzizlərimin adına sevindim. Onların başını uca etmək, bu adı daşımaq mənə sonsuz fərəh verir.