Arzu Nağıyev: Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir

Milli Məclis
  • 29 oktyabr, 2026
  • 12:39
Arzu Nağıyev: Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir
Arzu Nağıyev

Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsinin müzakirəsi çərçivəsində bildirib.

Onun sözlərinə görə, maraqların toqquşması dövlət vəzifəsini icra edən şəxsin fərdi maraqları ilə öhdəsinə götürdüyü xidməti öhdəliklər arasında ziddiyyət yarandığı və ya bu cür ziddiyyətin yaranma ehtimalı mövcud olduğu hallarda ortaya çıxır:

"Bu, ilk növbədə, fərdi maraqların ictimai mənafedən üstün tutulmasının qarşısını almaq məsələsidir. Məsələn, hansısa vəzifəli şəxs dövlət satınalması, işə qəbul, vəzifəyə təyinat və ya maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar qərar verir. Əgər həmin qərarda onun şəxsən özünün, yaxın qohumlarının və ya bağlı olduğu şəxslərin marağı mövcuddursa, obyektivlik və qərəzsizlik problemi meydana gəlir. Bu kimi vəziyyətlərdə əsas tələb şəxsin fərdi maraqlarını gizli saxlamaması, müvafiq qaydada bəyan etməsi və qərarların qanunvericiliyə uyğun, qərəzsiz şəkildə verilməsinin təmin edilməsidir".

Komitə sədri həmçinin vurğulayıb ki, layihə qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, dövlət qurumlarının əməkdaşları üçün təlimlərin təşkili və praktiki metodoloji tövsiyələrin işlənib hazırlanması da böyük əhəmiyyət kəsb edir:

"Çünki qanunun səmərəli tətbiqi yalnız hüquqi müddəalardan deyil, eyni zamanda həmin müddəaların düzgün anlaşılmasından və gündəlik fəaliyyətdə ardıcıl icrasından asılıdır. Sonda vurğulamaq istəyirəm ki, dövlət vəzifəsi fərdi maraqların ödənilməsi aləti deyil, cəmiyyətə xidmət öhdəliyidir. Hər bir vəzifəli şəxs qərar qəbul edərkən şəxsi münasibətlərini və maraqlarını deyil, qanunu və ictimai mənafeyi rəhbər tutmalıdır. Maraqların toqquşmasının qarşısının alınması haqqında qanunun başlıca məqsədi də məhz bu prinsipi hüquqi və institusional mexanizmlər vasitəsilə möhkəmləndirməkdir".

44 filmi