Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

Media
  • 05 noyabr, 2026
  • 11:40
Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

Azərbaycan Radiosu Azərbaycan ədəbi dilinin saflığının qorunmasında, orfoepik normalarının formalaşmasında və geniş xalq kütlələrinə aşılanmasında misilsiz rol oynayıb.

"Report" xəbər verir ki, bunu Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Radiosunun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya" adlı elmi-praktik konfransdakı çıxışında deyib.

O bildirib ki, bu elmi-praktik konfrans yalnız keçmişə baxış və hesabat deyil, eyni zamanda, gələcəyin media mənzərəsini elmi müstəvidə müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir:

"Biz bu il radiomuzun yubiley tədbirlərinə Şuşa şəhərindən start vermişdik. Bu ilin iyul ayında Prezident İlham Əliyevin də iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan tədbirlərimizdən biri "Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Süni intellekt və yeni formatlar" mövzusuna həsr olunmuşdu. Tədbir yerli televiziya və radio kanallarımızla yanaşı, xarici qonaqların da diqqətini cəlb etmiş, maraqlı fikir mübadiləsi aparılmışdı".

Ə.İsmayılov qeyd edib ki, 1926-cı il noyabrın 6-da Bakı səmasında səslənən ilk efir dalğası sadəcə texniki bir uğur deyil, Azərbaycan xalqının ictimai, mədəni və mənəvi həyatında yeni bir intibah dövrünün başlanğıcı idi:

"Ötən bir əsr ərzində Azərbaycan Radiosu milli yaddaşımızın, mədəni irsimizin və mənəvi xəzinəmizin ən etibarlı qoruyucularından birinə çevrilib. Radionun efiri vasitəsilə görkəmli mütəfəkkirlərimizin, böyük ədiblərimizin və sənətkarlarımızın səsi hər bir azərbaycanlının evinə, qəlbinə daxil olub. Ən başlıcası isə Azərbaycan Radiosu zəngin tarixi inkişaf yolu boyunca ana dilimizin – Azərbaycan ədəbi dilinin saflığının qorunmasında, orfoepik normalarının formalaşmasında və geniş xalq kütlələrinə aşılanmasında misilsiz rol oynayıb".

O, vizual medianın geniş yayıldığı müasir dövrdə belə radionun özünəməxsus kommunikasiya imkanlarını qoruyub saxladığını vurğulayıb:

"Səs sənətinin möcüzəsi olan radio öz dinləyicisi ilə birbaşa, vasitəsiz emosional bağ qurur, insanın təxəyyül dünyasını hərəkətə gətirir və zamanın nəbzini tutmağa imkan verir. Bu gün konfransın proqramında əks olunan bölmələr də radionun çoxşaxəli və zəngin mahiyyətini əhatə edir. Birinci bölmədə müzakirə olunacaq "Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş" mövzusu radionun keçdiyi şərəfli yolu elmi aspektdən dəyərləndirməyə, tariximizin efir salnaməsini bir daha vərəqləməyə imkan yaradır. İkinci bölmədə yer alan "Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri" mövzusu akademik mühitin media praktikasına verəcəyi töhfə baxımından olduqca vacibdir".

44 filmi