Ramin Məmmədov: Azərbaycan dini və mədəni müxtəlifliyə malik ölkə kimi özünü sübut edib

Mədəniyyət siyasəti
  • 28 oktyabr, 2026
  • 12:38
Ramin Məmmədov: Azərbaycan dini və mədəni müxtəlifliyə malik ölkə kimi özünü sübut edib

Azərbaycan dini və mədəni müxtəlifliyə malik ölkə, məhsuldar tərəfdaş kimi özünü sübut edib.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi" adlı sessiyada deyib.

Onun fikrincə, Azərbaycan dialoq forumları, dini liderlərin zirvə toplantıları üçün əsaslı tribuna rolunu oynayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan uzunmüddətli münaqişədən sonra sülh və əmin-amanlığın dəyərini yaxşı başa düşür:

"Biz dini ibadət yerlərinin dağıdılmasının nə olduğunu çox yaxşı bilirik, buna bələdik. Münaqişə artıq bitib, hazırda azad olunmuş ərazilərdə əsaslı bərpa-quruculuq işləri həyata keçirilir və Azərbaycan dinindən və tarixindən asılı olmayaraq, bütün abidələri bərpa edir. Bu, Azərbaycanın dövlət siyasətidir".

Uzunmüddətli sülhün yalnız dövlətin məsuliyyətinin olmadığını deyən Komitə sədri müştərək məsuliyyətin əsas şərtlərdən biri olduğunu qeyd edib.

R.Məmmədov yekunda iştirakçıları sessiyada fəal olmağa çağırıb və müzakirənin sonunda ümumi yol xəritəsinin hazırlanacağına ümid etdiyini vurğulayıb.

O əlavə edib ki, Azərbaycanın xarici ideoloji təsirlər, regional münaqişələr və qütbləşmə riskləri fonunda dayanıqlı dünyəvi dövlət modeli siyasi seçim olmaqla bərabər, həm də strateji zərurətdir:

"Dövlət həm müsəlman, həm də qeyri-müsəlman konfessiyalarını əhatə etməklə bütün dini icmalara birbaşa maliyyə yardımı, institusional dəstək, mənəvi irsin qorunması və dinlərarası dialoqun təşviqi yolu ilə hərtərəfli dəstək göstərir.

Dövlət xarici ideoloji cərəyanların bizim dünyəvi demokratik nizamımızı, ictimai institutlarımızı və sosial həmrəyliyimizi təhlükə altına qoymasına imkan verməyərək dini ekstremizmdən qətiyyətlə qorunur, eyni zamanda, hər kəsin vicdan azadlığına zəmanət verir".

44 filmi