Cəsarət Valehov: Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sistemi modernləşdirilir

Mədəniyyət siyasəti
  • 28 oktyabr, 2026
  • 13:11
Cəsarət Valehov: Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sistemi modernləşdirilir

Azərbaycanda son illərdə Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sisteminin modernləşdirilməsi istiqamətində işlər görülür.

"Report" xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya" mövzusunda sessiyada mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.

O bildirib ki, bu sahədəki fəaliyyətin bir hissəsi Elm və Təhsil Nazirliyinin incəsənət təhsili sistemi ilə bağlıdır və əsas məqsəd mədəni irsi qorumaqla yanaşı, gənclər üçün yeni imkanlar yaratmaqdır.

C.Valehov qeyd edib ki, artıq gənclər arasında yaradıcılıq anlayışı dəyişir və onlar bədii ifadənin yeni formalarına maraq göstərirlər:

"Bu səbəbdən, elektron musiqi, qrafik dizayn, geyim dizaynı və digər müasir yaradıcılıq sahələrinin tədrisinə diqqət yetirilir. İdeya sadədir: gənc insan həm ənənəni başa düşməyi, həm də yeni bir şey yaratmağı bacarmalıdır. Biz istəyirik ki, tələbələr öz mədəni köklərini bilsinlər, eyni zamanda, gələcəyin yaradıcı iqtisadiyyatı üçün lazımi bacarıqları özlərində inkişaf etdirsinlər".