Taleh Kazımov: "Sabit məzənnə ilə idxal inflyasiyasının kəskin artmasının qarşısını almağa çalışırıq"
- 06 may, 2026
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) sabit məzənnə rejimi ilə idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışır.
"Report" xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"İnflyasiyanı yuxarı doğru reviziya etmişik. Təhlillərimiz onu göstərir ki, bunun əsas səbəbləri məhz təklif amilləridir. Bizim də yeganə əlimizdə olan rıçaq və düşünürəm ki, bu günə kimi bizə çox dəstək olub - sabit məzənnə rejimimizdir. Məhz məzənnə vasitəsilə biz idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışırıq və düşünürük ki, bundan əvvəl də belə olub. Tələb amillərinə gəldikdə isə, bugünkü inflyasiyanın dekompozisiyasında onlar 20-30% təşkil edir. Yəni bu situasiyada faiz dərəcələrinin kəskin artımı iqtisadiyyatın dəstəklənməsinə mənfi təsir edə bilər, çünki istehlakı azaldacaq. Biz həmin tələb amillərinin sıxılmasını hazırda düzgün hesab etmirik", - deyə o qeyd edib.
"Biz öz mandatımızı uğurla həyata keçirmək üçün sabit məzənnə rejimi tətbiq edirik. Əsas məqsədimiz makroiqtisadi sabitlikdir. Buna nail olmaq üçün hansı rejim daha əlverişlidir, ona da üstünlük veririk və həmin rejimə də uyğun fəaliyyətimizi davam etdirəcəyik. Hazırda rejimin dəyişdirilməsi ilə bağlı hər hansı baxışımız, ən vacibi səbəbimiz yoxdur. Odur ki, sabit məzənnə rejimini tətbiq etməkdə davam edəcəyik", - deyə o qeyd edib.