Maliyyə naziri: "Dövlət büdcəsinin 11-13 %-i Qarabağın bərpasına xərclənir"
- 04 noyabr, 2026
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də müdafiə və təhlükəsizlik infrastrukturunun qurulması Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin yüksək paya malik olmasının başlıca səbəblərindəndir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin büdcə zərfinin müzakirəsinə həsr olunmuş bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 %-dir: "Bu göstərici nəinki region ölkələri, hətta İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin orta göstəricisi və digər beynəlxalq müqayisə meyarları ilə müqayisədə yüksəkdir. Bu isə Azərbaycan büdcəsinin investisiyayönümlü olduğunu göstərir".
Nazir bildirib ki, əsaslı xərclərin yüksək olmasının obyektiv səbəbləri var. Belə ki, Azərbaycan bir çox ölkənin qarşılaşmadığı çağırışlarla üzləşir və onların həlli üçün əhəmiyyətli vəsait ayırır.
"Qarabağı və Şərqi Zəngəzuru bərpa etməliyik. Bu istiqamətə çox ciddi vəsait ayrılır. İllər üzrə bu məbləğ 4-5 milyard manat ətrafında dəyişir. Yəni dövlət büdcəsinin 11-13 %-i yalnız Qarabağın bərpasına yönəldilir.
Bununla paralel olaraq, müdafiə xərclərimiz də artıb. Çünki biz 30 il ərzində nəzarətimizdə olmayan ərazilərdə sərhəd və hərbi infrastruktur yaradırıq, müvafiq müdafiə və təhlükəsizlik tədbirləri həyata keçiririk. Bu da kifayət qədər böyük vəsait tələb edir. Rəqəmlərə nəzər salsanız, görərsiniz ki, əsaslı xərclərin təxminən 4 milyard manatlıq hissəsi də bununla əlaqədardır", - deyə o qeyd edib.
S. Babayev vurğulayıb ki, əsaslı xərclərin yüksək olmasına baxmayaraq, dövlət birbaşa investisiyayönümlü layihələrə də ciddi vəsait ayırır və bu investisiyalar vasitəsilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə çalışır.
Nazir ayrı-ayrı layihələrin səmərəliliyini ayrıca qiymətləndirməyin mümkün olmadığını, lakin ümumi mənzərənin müsbət olduğunu bildirib. Onun sözlərinə görə, dövlət investisiya proqramı və Böyük Qayıdış çərçivəsində həyata keçirilən layihələrin nəticələri ölkənin bütün bölgələrində görünür və Azərbaycanın bugünkü inkişafının, iqtisadi qüdrətinin əsasını təşkil edir.
O, Qarabağda infrastruktur layihələrinin uzunmüddətli iqtisadi fəaliyyət üçün zəmin yaratdığını da diqqətə çatdırıb.
Nazirin sözlərinə görə, ayrı-ayrı layihələrin icrasında müəyyən nöqsanlar, gecikmələr və digər problemlər ola bilər: "Belə hallar müxtəlif dövrlərdə yoxlayıcı orqanlar tərəfindən də aşkarlanır. Bununla belə, ümumilikdə dövlət investisiya proqramları və əsaslı xərclər uzun illərdir uğurla icra olunur və bu sahədə əhəmiyyətli nəticələr əldə edilib.
S. Babayev qeyd edib ki, investisiyaların iqtisadiyyata təsiri həm layihələrin icrası, həm də sonrakı istismar mərhələsində özünü göstərir: "Tikinti dövründə iqtisadi aktivliyə birbaşa təsir daha güclü olsa da, layihələr başa çatdıqdan sonra yaradılan infrastruktur uzunmüddətli iqtisadi fayda verir.
Məsələn, Qarabağda magistral yolun tikintisi həyata keçirildiyi müddətdə iqtisadiyyata ciddi dəstək göstərir. Yolun tikintisi başa çatdıqdan sonra isə onun iqtisadi əhəmiyyəti biznes fəaliyyətinin genişlənməsi, daimi yaşayışın formalaşması, eləcə də digər iqtisadi imkanların yaranması ilə üzə çıxır. Eyni yanaşma su, elektrik və qaz təchizatı infrastrukturu üçün də keçərlidir.
Nazir əlavə edib ki, bu layihələrin müxtəlif dövrlərdə iqtisadi təsirini qiymətləndirmək üçün müvafiq metodoloji baza mövcuddur və qiymətləndirmələr mütəmadi aparılır. Onun fikrincə, əldə olunan göstəricilər beynəlxalq müqayisə meyarlarından geri qalmır.