Maksim Yermoloviç: "MDB-nin ümumi birja əmtəə bazarının formalaşdırılmasına dair işlər gedir"

Maliyyə
  • 29 oktyabr, 2026
  • 11:46
Maksim Yermoloviç: MDB-nin ümumi birja əmtəə bazarının formalaşdırılmasına dair işlər gedir

Avrasiya İqtisadi Komissiyası Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın qərargahı ilə birlikdə gələn il MDB məkanında birja ticarəti mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər hazırlamağı planlaşdırır.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının rəqabət və antiinhisar tənzimlənməsi üzrə naziri Maksim Yermoloviç MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası zamanı bildirib.

Nazir vurğulayıb ki, hazırkı mərhələdə komissiya vahid birja əmtəə bazarının yaradılması üzrə intensiv iş aparır və artıq bu prosesin gələcək təşkili, o cümlədən ümumi bazarın Birlik dövlətlərinə genişləndirilməsinə dair bir sıra təkliflər formalaşdırıb:

"Biz bu fəaliyyət təhlilini Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın qərargahı ilə birlikdə həyata keçiririk. Gələn il MDB çərçivəsində birja ticarətinin təkmilləşdirilməsi və əmtəə birjalarının bir-biri ilə qarşılıqlı əlaqəsinin qurulması üzrə təkliflər hazırlamaq niyyətindəyik".