"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 17 noyabr, 2026
- 17:06
Yeniliklərdən dərhal xəbərdar olun!
"InvestAZ" İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının istiqamətinə ABŞ-ın iqtisadi göstəriciləri, Federal Ehtiyat Sisteminin (FED) monetar siyasəti ilə bağlı gözləntilər, Avrozona və Böyük Britaniyanın iqtisadi göstəriciləri, eləcə də ABŞ–İran münaqişəsi təsir göstərib.
1. Ötən həftənin əsas hadisələri
ABŞ: Həftə ərzində açıqlanan inflyasiya göstəriciləri və FED rəsmilərinin çıxışları investorların diqqət mərkəzində olub. İnflyasiya təzyiqlərinin davam etməsi və qiymət artımlarının geniş sahələrə yayılması FED-in daha sərt monetar siyasət yürüdə biləcəyi gözləntilərini gücləndirib. Bu amillər ABŞ dollarına və dövlət istiqrazlarının gəlirliliyinə dəstək verib.
Avrozona və Almaniya: Almaniyada illik inflyasiyanın 2,8 % səviyyəsində qalması qiymət təzyiqlərinin davam etdiyini göstərib. Avrozonada iqtisadi artım perspektivləri və Avropa Mərkəzi Bankının (ECB) pul siyasəti ilə bağlı gözləntilər avronun mövqeyinə təsir edən əsas amillər olub.
Böyük Britaniya: Üçüncü rüb üzrə ÜDM-in 0,7 % artması iqtisadi aktivliyin əvvəlki rüblə müqayisədə sürətləndiyini göstərib. Sentyabr ayı üzrə aylıq iqtisadi artım da müsbət olub. Bununla belə, sənaye istehsalı və biznes investisiyalarındakı zəiflik iqtisadi perspektivlərə dair ehtiyatlılığı qoruyub.
ABŞ–İran münaqişəsi: Həftə ərzində regionda hərbi və siyasi gərginlik, enerji infrastrukturu ilə bağlı təhlükəsizlik narahatlıqları və Hörmüz boğazında gəmiçilik riskləri beynəlxalq bazarların diqqətində olub. Geosiyasi risklər neft qiymətlərinə dəstək versə də, diplomatik proseslər və qlobal tədarük gözləntiləri qiymət artımını məhdudlaşdırıb.
2. Əmtəə bazarları
Neft: Həftə ərzində ABŞ–İran münaqişəsi ətrafındakı xəbərlərin təsiri ilə "Brent" markalı neftin qiyməti 1000 dollardan 94,5 dollara, "WTI" markalı neftin qiyməti isə 90,8 dollardan 86,7 dollara geriləyib. Hər iki neft markası həftəni təxminən 2,5 % enişlə tamamlayıb. Geosiyasi risklər qiymətlərdə yüksəliş impulsu yaratsa da, diplomatik danışıqlarla bağlı gözləntilər və bazarın təklif perspektivləri əks istiqamətdə təsir göstərib.
3. Kriptovalyuta bazarı: Bitcoin və Ethereum
Həftə ərzində kriptovalyuta bazarında satış təzyiqi güclənib. "Bitcoin" həftə ərzində təxminən 74600 dollardan 62000 dollara geriləyərək 16,9 % ucuzlaşıb. "Ethereum" isə həftə ərzində 2240 dollardan geriləyərək təxminən 23,7 % ucuzlaşıb. Spot Bitcoin ETF-lərindən vəsait çıxışları və investorların riskdən yayınması bazara mənfi təsir göstərən əsas amillər olub.
4. Valyuta və qızıl bazarları
EUR/USD: ABŞ dollarının möhkəmlənməsi və FED-in faiz artımı gözləntilərinin güclənməsi avro üzərində təzyiq yaradıb. EUR/USD cütlüyü həftənin sonuna doğru 1,10200 səviyyəsinə qədər geriləyib.
GBP/USD: Böyük Britaniyanın müsbət ÜDM göstəricilərinə baxmayaraq, dolların möhkəmlənməsi funtun bahalaşmasını məhdudlaşdırıb. GBP/USD cütlüyü həftənin sonunda 1,32150 səviyyəsində qərarlaşıb.
XAU/USD: Dolların möhkəmlənməsi və istiqraz gəlirliliyinin yüksəlməsi qızılın qiymətinə mənfi təsir göstərib. Qızıl həftənin əvvəlində 4140 dollar səviyyəsindən ticarətə başlasa da, 13 noyabrda 3880 dollar səviyyəsində həftəni tamamlayıb. Beləliklə, qiymətli metal həftə ərzində təxminən 4,5 % ucuzlaşıb.
5. Əsas İqtisadi Göstəricilər
16 noyabrda Yaponiya üzrə III rüb ÜDM göstəriciləri və ABŞ FED rəsmilərinin çıxışları, 17 noyabrda ABŞ-da Pərakəndə Satışlar, Böyük Britaniyada İşsizlik Səviyyəsi və Əməkhaqqı Göstəriciləri, Almaniyada və Avrozonada ZEW İqtisadi Gözləntilər İndeksi investorların diqqətində olacaq. 18 noyabrda Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi (CPI), Avrozonada illik inflyasiya və ABŞ-da FED-in iclas protokolu açıqlanacaq. 19 noyabrda ABŞ-ın İlkin İşsizlik Müavinəti Müraciətləri və Filadelfiya FED İstehsal İndeksi, 20 noyabrda isə Böyük Britaniyanın Pərakəndə Satışları və Almaniyanın İstehsalçı Qiymətləri İndeksi izləniləcək. Bu göstəricilər inflyasiya, iqtisadi artım və mərkəzi bankların gələcək faiz qərarlarına dair gözləntilərə təsir göstərə bilər.