Hesablama Palatasının əməkdaşı ADB və İnter-Amerika İnkişaf Bankı ilə birgə keçirilmiş konfranslarda iştirak edib
- 01 oktyabr, 2018
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 oktyabr. REPORT.AZ/ Hesablama Palatasının Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin baş məsləhətçisi Həsən Nəcəfzadə Vaşınqton şəhərində Asiya İnkişaf Bankı və İnter-Amerika İnkişaf Bankı ilə birgə təşkil edilmiş konfranslarda iştirak edib.
"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Qlobal Dövlət Satınalmaları üzrə “Rəqəmsal Sərhədə Doğru” və 4-cü illik Asiya və Sakit Okean regionunun “Dövlət Elektron Satınalmaları Şəbəkəsi” mövzularında təşkil edilmiş tədbirlərdə 93 ölkədən 300 nəfərdən artıq satınalma üzrə mütəxəssis təmsil olunub.
“Rəqəmsal Sərhədə Doğru” adlı Konfrans İnter-Amerika İnkişaf Bankının vitse-prezidenti Alexandre Meira da Rosa tərəfindən salamlama ilə başlayaraq keçirilən tədbir haqqında qısa məlumatla davam edib. Rosa çıxışında bu kimi görüşlərin təcrübə mübadiləsi baxımından yüksək əhəmiyyətliliyini və eyni zamanda dövlət satınalmaları proseduralarının elektron texnologiyaların tətbiqi ilə sadələşdirilməsi və operativliyin təmin olunmasının zəruriliyini bildirib.
Konfrans zamanı xüsusi olaraq qeyd olunub ki, rəqəmsal transformasiya bir çox sahələrə, o cümlədən dövlət satınalmaları sisteminə də müsbət təsir göstərir. Bir müddət əvvəl dövlət satınalmalarının inzibati funksiyadan daha strateji funksiyaya keçidi barədə, hazırda isə rəqəmsal inqilabın satınalmaların tamamilə məlumat əsaslı fəaliyyətə köçürülməsi potensialı üzərində müzakirələr gedir. Rəqəmsallaşma və yeni texnologiyaların istifadəsi satınalma prosesinin daha da effektiv həyata keçirilməsinə imkanlar yaradır.
Konfransın sonunda “Dövlət Satınalmarı Sistemində Rəgəmsal İnqlab” adlı Deklarasiya imzalanıb.
4-cü illik Asiya və Sakit Okean regionunun “Dövlət Elektron Satınalmaları Şəbəkəsi” adlı Konfrans isə Asiya İnkişaf Bankının satınalma, kredit portfeli və maliyyə idarəetmə departamentinin baş direktoru xanım Riza Jijia Tenq tərəfindən giriş sözü ilə çıxışından sonra davam etmişdir. İclasda çıxış edənlər sırasında Asiya İnkişaf Bankının, Gürcüstanın, Qazaxıstan, Qırğızıstanın, Tailandın, Hindistanın və digər ölkələrin dövlət satınalmaları üzrə mütəxəssisləri elektron dövlət satınalmaları sahəsində əldə etdikləri təcrübələr haqqında məruzələr ediblər.
Ətraflı müzakirələrdən sonra İngiltərə və Hindistan nümayəndələri dövlət və qeyri-dövlət təşkilatlarında elektron satınalma sisteminin qurulması üçün bir neçə proqram təminatlarının təqdimatını ediblər.