Dünya Bankı Rusiya-Ukrayna münaqişəsinin Azərbaycana pul köçürmələrinə təsirini qiymətləndirib

Maliyyə
  • 12 may, 2022
  • 06:39
Dünya Bankı Rusiya-Ukrayna münaqişəsinin Azərbaycana pul köçürmələrinə təsirini qiymətləndirib

Bu il Azərbaycana xaricdən pul köçürmələri, Rusiya-Ukrayna müharibəsinin təsiri ilə 21 % azalacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) “Miqrasiya və İnkişaf” hesabatında bildirilib.

Qeyd edək ki, WB, Rusiya-Ukrayna münaqişəsindən əvvəl Azərbaycana pul köçürmələrinin 3 % artacağını proqnozlaşdırırdı.

Sənədə əsasən, ötən il Azərbaycana 1,527 milyard ABŞ dolları pul köçürülüb. Bu isə, Azərbaycan ümumi daxili məhsulunun 2,8 %-ni, mal və xidmət ixracının isə 10,1 %-ni təşkil edib. Azərbaycanın ümumi pul köçürmələrində Rusiyanın payı 57 % olub.

Bu il Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında xaricdən pul köçürmələrində ən böyük azalma 32 %-lə Qırğızıstanda (əvvəlki proqnozda 3 % artım gözlənilirdi) yaşanacaq. Onu 22 %-lə Tacikistan (2 % artım), 21 %-lə isə Özbəksitan (3 % artım) və Azərbaycan (3 % artım) izləyəcək. Gürcüstan və Ermənistana pul köçürmələrində isə müvafiq olaraq 5 % və 19 % azalma gözlənilir. Daha öncə bu ölkələrdə 2 % və 11 % artım proqnozlaşdırılırdı.

Bu il Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında yalnız Ukraynada xaricdən pul köçürmələrində artım yaşanacaq. Belə ki, Dünya Bankı bu ölkəyə pul köçürmələrində artım proqnozunu 20 faiz bəndi artıraraq 2 %-dən 22 %-ə çatdırıb.

“Pul köçürmələri, Şərqi Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarında mühüm maliyyə mənbəyi və iqtisadi artım üçün hərəkətverici qüvvədir. Məsələn, Tacikistan və Qırğızıstanda, 2021-ci ildə pul köçürmələri ÜDM-nin müvafiq olaraq 34 % və 33 %-ni təşkil edib ki, bu da, həmin ölkələrin mal və xidmət ixracı ilə müqayisədə daha çoxdur.

Rusiya bir çox Mərkəzi Asiya ölkələrinə pul köçürmələrinin ən böyük mənbəyi idi, lakin köçürmələrin həcmi 2014-cü ilin zirvəsindən bəri azalma tendensiyasındadır. Buna baxmayaraq, Rusiyadan pul köçürmələrinin həcmi yüksək olaraq qalıb və 2021-ci ildə Mərkəzi Asiya ölkələri, Qırğızıstan, Tacikistan və Özbəkistan, eləcə də Ermənistan və Azərbaycan üzrə ümumi pul köçürmələri üzrə daxilolmaların təxminən üçdə ikisini təşkil edib.

Bir çox Mərkəzi Asiya ölkəsinə pul köçürmələri Rusiyanın Ukraynaya təcavüzündən son dərəcə mənfi təsirlənəcəyi mütəməldir. Rusiya ilə birbaşa maliyyə əlaqələri o qədər də güclü olmasa da, bəzi ölkələrin pul köçürmələri vasitəsilə bu təsirə məruz qalması gözlənilir.

Rusiyada iqtisadi aktivliyin azalmasının və əksər mənbə ölkələrində valyutanın (əsasən Rusiya rublu) ABŞ dollarına nisbətdə ucuzlaşmasının ilkin təsirlərinə əsasən, pul köçürmələrinin 2022-ci ildə orta hesabla 25 faiz bəndi azalacağı gözlənilir”, - hesabatda bildirilib.