“Bank of Baku” 2024-cü ildə Mərkəzi Bankın uzunmüddətli kreditini tam bağlayacaq

Maliyyə
  • 09 avqust, 2023
  • 14:30
“Bank of Baku” 2024-cü ildə Mərkəzi Bankın uzunmüddətli kreditini tam bağlayacaq

“Bank of Baku” ASC bazar borclanmasından asılılığını azaldaraq 2019-2020-ci illərdəki 23-24 %-dən 2022-ci ilin sonunda ümumi aktivlərinin 19 %-nə endirib.

“Report” xəbər verir ki, bu barədə “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin bank depozitlərinin milli və xarici valyutada uzunmüddətli reytinqlərinin "B2" səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında bildirilib.

Hesabata görə, bankın bazar borclanmasına əsasən Azərbaycan Mərkəzi Bankının 2024-cü ildə ödəmə müddəti başa çatan 5 illik krediti, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi uzunmüddətli kreditləri daxildir.

“Moody's” bu maliyyələşdirmə mənbələrini sabit və orta dərəcədə yenidən maliyyələşdirmə riskinə məruz qalan mənbələr hesab edir: “Bu fondların sabitliyinə baxmayaraq, bankın kreditlərin depozitlərə olan nisbəti 2022-ci ilin sonunda 153 % səviyyəsində yüksək olaraq qalır. Həmin tarixə bankın “likvidlik yastığı” ümumi aktivlərin 13 %-ni təşkil edərək cüzi idi. Bankın likvidliyi bütün depozitlərin 90 %-dən çoxunu təşkil edən yaxşı şaxələndirilmiş və ayrı-ayrı pərakəndə müştəri bazası ilə dəstəklənir”.

Qeyd edək ki, “Bank of Baku”nun Mərkəzi Bank və milli fondlar qarşısında öhdəlikləri 2023-cü il iyulun 1-nə bir il əvvəlki 63,982 milyon manata qarşı 42,655 milyon manat təşkil edib.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.