ASA rəsmisi: "Sığorta şirkətləri investisiya portfellərinin yalnız 2-3%-ni riskli alətlərə ayıra bilər"
- 28 oktyabr, 2026
- 14:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan sığortaçıları investisiya portfellərinin cəmi 2-3 %-ni riskli alətlərə yönəldə bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərli "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
Onun fikrincə, girovla təmin olunsa belə, ipoteka kredit portfelinə əsaslanan istiqrazlar mövcuddur.
"Həmin kredit portfelindən əldə edilən gəlir həm kupon ödənişlərinin, həm də əsas borcun geri qaytarılmasının maliyyə mənbəyi funksiyasını yerinə yetirir. Hesab edirəm ki, ümumilikdə sığorta sektorunda investisiya alətləri qlobal miqyasda olduqca konservativ xarakter daşıyır.
Sığorta şirkətləri hər bir riski digər investorlara nisbətən daha ətraflı təhlil edirlər. Sığortaçıların bu tip portfellərə aktiv şəkildə vəsait yatıracağına inanmıram. Hətta investisiya etsələr belə, portfellərinin çox cüzi bir hissəsini, təxminən 2-3 %-ni belə alətlərə sərf edərlər. Bundan yuxarı riskə getmək istəməzlər. Çünki arxada girov dayanmasına baxmayaraq, mahiyyət etibarilə kredit portfelindən söhbət gedir. Bir zamanlar ABŞ-da yaşanan maliyyə böhranı da məhz bu növ qiymətli kağızlarla əlaqəli risklərdən törənmişdi. Buna görə də düzünü desəm, sığorta şirkətlərinin bu cür alətlərə maraq göstərəcəyinə inanmıram", - A. Miskərli hesab edir.