AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"

Maliyyə
  • 28 oktyabr, 2026
  • 17:25
AMB rəsmisi: Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur

Maliyyə sektorunda vahid və etibarlı məlumat mənbəyi problemi var.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Məlumat Departamentinin direktoru Elmir Həsənli "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, üç və ya beş il əvvəlki dövrlə müqayisə görünür ki, məlumatlara çıxış imkanları artıb: "Artıq bank olmayan kredit təşkilatları (BOKT), banklar qərar qəbul edərkən daha çox verilənlərdən istifadə edə bilirlər. Bu məlumatlar həm ənənəvi, həm də alternativ datalardır. Alternativ datalara misal olaraq dövriyyələri, POS-dövriyyələrini və dövlət informasiya mənbələrindən əldə olunan müxtəlif məlumatları göstərmək olar".

O qeyd edib ki, qərarvermə prosesi daha dəqiq məlumatlar üzərində qurulur: "Bunun mənfi tərəfi isə təşkilatların və qurumların həmin datalardan düzgün istifadə edə bilməməsidir. Yəni bir qurum ən qabaqcıl həlli əldə edə bilər, amma həmin həllə təqdim edilən məlumatlar tam və düzgün deyilsə, o, heç vaxt doğru qərarlar verməyəcək. Buna görə də hesab edirəm ki, burada iki əsas məsələ var və onlardan biri datadır".

E.Həsənlinin fikrincə, bir çox qurum rəqəmsal transformasiyaya başlayır, lakin qısa müddətdən sonra anlayır ki, əslində, rəqəmsal transformasiyadan danışmaq üçün ilk növbədə data transformasiyası aparılmalıdır: "Çünki məlum olur ki, qurumun əlində ya ümumiyyətlə məlumat yoxdur, ya da məlumatlar dolğun deyil, pərakəndə şəkildə müxtəlif yerlərdə saxlanılır və eyni anlayışlar üzrə fərqli təriflərdən istifadə olunur. Bir departamentə müraciət edib müəyyən rəqəmin nə qədər olduğunu soruşursan, biri 5, digəri isə 3 cavabını verir. Yəni vahid və etibarlı məlumat mənbəyi (source of truth) yoxdur".

O hesab edir ki, ilk növbədə data transformasiyasından başlamaq lazımdır: "Bu da əsas maneələrdən biridir. Biz də tənzimləyici olaraq sektoru, sektorun özündən əldə etdiyimiz məlumatlar əsasında qiymətləndiririk. Həmin məlumatlar nə qədər tam və dolğun olarsa, biz resurslarımızı məlumatların yoxlanılmasına deyil, sektorun daha da inkişaf etdirilməsinə yönəlmiş qərarların qəbuluna sərf edə bilərik".

44 filmi