ADB əlçatan mənzilin inkişafı üçün ayrı-ayrı layihələr əvəzinə sistemli yanaşmanın tərəfdarıdır

Maliyyə
  • 20 may, 2026
  • 13:42
ADB əlçatan mənzilin inkişafı üçün ayrı-ayrı layihələr əvəzinə sistemli yanaşmanın tərəfdarıdır

Asiya İnkişaf Bankı (ADB) ayrı-ayrı layihələrdən əlçatan mənzil ekosisteminin proqram əsaslı formalaşdırılmasına keçidin tərəfdarıdır.

"Report" xəbər verir ki, bunu ADB-nin Şəhər inkişafı şöbəsinin direktoru Şrinivas Sampat Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.

"Mənzil siyasətinə yanaşmaların yenidən nəzərdən keçirilməsi zərurəti yaranıb. Pərakəndə layihələrin həyata keçirilməsindən əlçatan mənzil ekosisteminin kompleks proqramlı formalaşdırılmasına keçid vaxtı çatıb", - şöbə rəhbəri vurğulayıb.

O, prioritet istiqamətlər sırasında şəhər planlaşdırması və tranzit yönümlü inkişaf mexanizmlərinin köməyi ilə təklifin artırılmasını, həmçinin əhalinin aztəminatlı qrupları üçün maliyyə resurslarına daha geniş çıxışın təmin edilməsini qeyd edib.

S. Sampat ayrıca olaraq kirayə mənzil mövzusuna toxunub, onun fikrincə, bu, əhəmiyyətli bir aktiv sinfinə çevrilir və xüsusən də Asiya ölkələrindəki genişmiqyaslı daxili miqrasiya prosesləri fonunda özəl investorları maraqlandıra bilər.