"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür"

Komanda
  • 20 oktyabr, 2026
  • 11:30
Turanın baş məşqçisi Ziya Rəcəbov: Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür

CEV Çempionlar Liqasında Xorvatiyanın "Mladost" komandası ilə qarşılaşacaq "Turan"ın oyunçuları təcrübə baxımından rəqibdən üstündür.

Bunu "Report"a açıqlamasında Tovuz təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov deyib.

Mütəxəssis rəqibin köklü klub olduğunu bildirib:

"Təcrübə deyəndə, söhbət təkcə oyunçulardan getmir, rəqib köklü klubdur və vaxtilə Çempionlar Liqasının qalibi olub. Lakin heyətə gəldikdə, bizim oyunçular təcrübə baxımından daha üstündür. "Turan", yeni yaradılmasına baxmayaraq, artıq çempionluq yaşayıb və tarix yazıb. Əsas diqqəti Çempionlar Liqasına yönəltmişik".

O, komandada zədəli oyunçunun olmadığını və matça yaxşı hazırlaşdıqlarını diqqətə çatdırıb:

"Komanda oyuna tam hazırdır, son təhlilləri aparmışıq. Heyətdə zədəli voleybolçu yoxdur, bütün oyunçuların motivasiyası yüksəkdir. Onlara bu klubun adının önəmini və məsuliyyətini aşılayırıq. İnşallah, yaxşı olacaq və qələbə qazanacağıq".

Z.Rəcəbov azarkeş dəstəyindən də söz açıb:

"Tovuzlu azarkeşlər möhtəşəmdir. Hətta futbolda belə azarkeş dəstəyi görməmişəm. Qarşılaşmaya böyük maraq var və matçda anşlaq yaşanacaq. Bu, həm Tovuz, həm də Azərbaycan voleybolu üçün böyük bir tarixdir. Əsas məqsəd qrup mərhələsinə düşməkdir və bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Turan" – "Mladost" matçı bu gün, saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.