"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Çempionlar Liqasının qrupuna bir addım qalıb"

Komanda
  • 04 noyabr, 2026
  • 12:29
Turanın baş məşqçisi Ziya Rəcəbov: Çempionlar Liqasının qrupuna bir addım qalıb

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Bolqarıstan "Maritsa"sını məğlub etməklə qrup mərhələsinə yüksəlmək şansını yaxşılaşdırıb.

Bunu "Report"a açıqlamasında Azərbaycan çempionunun baş məşqçisi Ziya Rəcəbov deyib.

Mütəxəssis II təsnifat mərhələsində Xorvatiya "Mladost"u ilə matçdan sonra Bakıya qayıtmamaq qərarının doğru olduğunu vurğulayıb:

"Xorvatiyadakı görüşdə saat fərqi, uzun yol və iki reys dəyişməyimiz yorğunluğa səbəb olmuşdu. Noyabrın 5-də evdə oynamalı idik, lakin Bakıya qayıdıb dərhal yenidən Avropaya yollanmaq əvəzinə, elə orada qalmağı məqsədəuyğun saydıq. Rəqib də səfərdən gəldiyi üçün ilk matçın Bolqarıstanda keçirilməsi təklifini qəbul etdik. Onlar bizə məşq prosesi və digər məsələlərlə bağlı şərait yaratdılar. Avropada qalmağımız bərpa olunmağa və yaxşı hazırlaşmağa böyük kömək etdi".

O, heyətdəki itkilər və rəqibin gücü barədə danışıb:

"Maritsa" gənc və ucaboy voleybolçulardan formalaşmış yaxşı komandadır. Bizdə Marta Drpa Xorvatiya təmsilçisi ilə son qarşılaşmada zədələnmişdi, Vilma Salas isə viza problemi səbəbindən kollektivə qoşula bilməmişdi. Buna baxmayaraq, xarakter nümayiş etdirən voleybolçularımızı təbrik edirəm. "Mladost"la matçdan dərhal sonra Bolqarıstan klubunu təhlil etmişdik və oyunçularımız tapşırıqları tam yerinə yetirdilər".

Z.Rəcəbov cavab qarşılaşması öncəsi planları bölüşüb:

"Artıq səfər matçını arxada qoyduq. Qrup mərhələsinə yüksəlməyə bir addım qalıb. Noyabrın 5-də komandaya birgünlük istirahət veriləcək. Ayın 6-dan isə məşqləri bərpa edəcəyik. Noyabrın 10-da Tovuzda, doğma azarkeşlər önündə də uğurlu nəticə qazanmağa çalışacağıq".

Xatırladaq ki, "Turan" noyabrın 3-də Bolqarıstanda baş tutan ilk görüşdə "Maritsa"nı 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü noyabrın 10-da Tovuzda keçiriləcək.