Fuad Yanqildin: "WHC Çair Skopye"yə qalib gəlməyə çalışacağıq"
- 19 oktyabr, 2026
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunun III raundunda da qələbə qazanmağa çalışacaq.
Bu barədə "Report"a Mingəçevir təmsilçisinin baş məşqçisi Fuad Yanqildin açıqlama verib.
Mütəxəssis turnirin III mərhələsində Şimali Makedoniyanın "WHC Çair Skopye" kollektivinə qarşı keçirəcəkləri oyunlar haqqında fikirlərini bölüşüb:
"Balkan və Şimali Makedoniya məktəbləri Avropada çox tanınır. Bu ölkədə həndbol normal inkişaf edir, yaxşı oyunçuları var. Milli komanda səviyyəsində də Avropada sözlərini deyirlər. Rəqib nə çox zəif, nə də çox güclüdür. Avrokuboklarda yetərincə təcrübələri var. Bu rəqibə qalib gəlməyə və növbəti mərhələyə yüksəlməyə çalışacağıq. Rəqibi tam təhlil etdikdən sonra texniki və taktiki seçimlərimiz olacaq. Həm müdafiə, həm də hücum planında tam hazır olmalıyıq. Ümid edirəm ki, qələbə bizimlə olacaq".
F.Yanqildin qarşılaşmaların ümumi razılığa əsasən Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcəyini diqqətə çatdırıb:
"İlk oyun noyabrın 13-də, cavab qarşılaşması 15-də baş tutacaq. Hər iki görüş saat 15:00-da başlayacaq".
Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.