20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb
- 21 oktyabr, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak etmək üçün Gürcüstana yola düşüb.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Oktyabrın 22-25-də Rustavi şəhərində keçiriləcək yarışda komandaya Gökhan Edman rəhbərlik edəcək.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmalarına qarşı çıxış edəcək. Digər qrupda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alacaqlar.
Reqlamentə əsasən, qruplarda 1-ci yeri tutacaq komandalar (A1–B1) turnirin qalibini müəyyənləşdirmək üçün həlledici oyunda qarşılaşacaqlar. Qruplarda 2-ci və 3-cü yerləri tutacaq kollektivlər isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər.
A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 2, 3 və 4-cü yerləri tutacaq komandalar isə qitə çempionatının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.