İran Azərbaycanla yeni sərhədyanı avtonəqliyyat terminalının tikintisini müzakirə edəcək

İnfrastruktur
  • 08 avqust, 2023
  • 07:19
İran Azərbaycanla yeni sərhədyanı avtonəqliyyat terminalının tikintisini müzakirə edəcək

İran Azərbaycan ilə yeni sərhədyanı avtonəqliyyat terminalının tikintisi çərçivəsində gömrük və nəqliyyat məsələləri ilə bağlı birgə iclas keçirməyi planlaşdırır.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın Yollar və Şəhərsalma Nazirliyinin baş direktoru Amin Tarfa bu ölkənin Giriş və Çıxış Məntəqələrinin Təşkili Şurasının işçi qrupunun iclasında deyib.

"Bu iclasın Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilməsi planlaşdırılır", - A. Tarfa bildirib.

Şuranın işçi qrupunun bazar günü keçirilən iclasında Ağbənd körpüsünün yaxınlığındakı sərhədyanı avtonəqliyyat terminalının tikintisinin texniki-iqtisadi əsaslandırılması da daxil olmaqla 5 əsas maddə müzakirə olunub.

Şura iki ölkə arasında körpülərin demarkasiyasını və yeni inşa edilmiş Ağbənd körpüsü yaxınlığındakı terminalın modernizasiyasını razılaşdırıb.

Qeyd edək ki, ötən ilin martın 11-də İran və Azərbaycan arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumun məqsədi Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.