"Confindustria": İtaliya şirkətləri Azərbaycanda Orta Dəhlizin inkişafında iştirak edə bilər

İnfrastruktur
  • 23 noyabr, 2026
  • 11:00
Confindustria: İtaliya şirkətləri Azərbaycanda Orta Dəhlizin inkişafında iştirak edə bilər

İtaliya şirkətləri Azərbaycanda Orta Dəhliz infrastrukturunun inkişafında və ölkə sənayesinin modernləşdirilməsində iştirak edə bilər, İtaliya Sənaye Konfederasiyası ("Confindustria") isə konkret layihələrin icrası üçün onların səylərini birləşdirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu "Confindustria"nın kiçik sənaye biznesi məsələləri üzrə vitse-prezidenti Fausto Matssali Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi dəmir və avtomobil yollarının, limanların, logistika qovşaqlarının və multimodal platformaların inkişafı üçün imkanlar açır. İtaliya şirkətləri mühəndislik həlləri təklif edə, iri infrastruktur layihələrinin layihələndirilməsində və icrasında, eləcə də nəqliyyat və logistikanın rəqəmsallaşdırılmasında iştirak edə bilərlər.

F.Matssali metallurgiyanı və kritik əhəmiyyətli xammal növləri ilə işi əməkdaşlığın daha bir istiqaməti kimi nümunə göstərib.

Onun sözlərinə görə, İtaliya şirkətlərinin iştirakı Azərbaycanda mineral resursların mənimsənilməsindən materialların emalınadək istehsal zəncirlərini qurmağa kömək edə bilərdi:

"Bu, yerli istehsalın səmərəliliyini artırmağa imkan verərdi. İtaliya şirkətləri təkcə texnologiyaların tədarükü vasitəsilə deyil, həm də istehsal proseslərinin yenidən təşkilində və yeni səriştələrin inkişaf etdirilməsində Azərbaycan müəssisələrinə dəstək göstərərək töhfə verə bilərlər".

F.Matsali Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsində xüsusi rolu İtaliyanın kiçik və orta müəssisələrinə ayırıb:

"Məhsul və avadanlıqların ixracından əlavə, onlar texnologiya və nou-hauları ötürə, kompleks həllər təklif edə və onların tətbiqini müşayiət edə bilərlər. "Confindustria" potensial imkanların müəyyən edilməsindən konkret layihələrin reallaşdırılmasına keçidə yönəlmiş bu prosesin fəal iştirakçısı olmaq niyyətindədir".