Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - Yenilənib

İnfrastruktur
  • 23 oktyabr, 2026
  • 17:44
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - Yenilənib

Bakının Yasamal rayonunun Balababa Məcidov küçəsi, 40 ünvanında piyada səkisində aparılan qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb.

"Report" bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitə sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında sözügedən ünvanda araşdırma aparıb.

Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq zamanı ərazidə şəhərsalma tələblərinin pozulduğu, piyadaların sərbəst hərəkətinə maneə yaradan qanunsuz tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib.

Məsələ ilə bağlı müvafiq tədbirlər görülərək qanunsuz tikinti işləri dayandırılıb. Hazırda özbaşına quraşdırılmış konstruksiyanın sökülməsi və piyada səkisinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər davam etdirilir.

Komitə şəhərsalma norma və qaydalarına riayət olunması, ictimai məkanların qorunması, eləcə də rahat və əlçatan şəhər mühitinin təmin edilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə ictimai nəzarətin əhəmiyyətini qeyd edib.

Fatimə Bağırova

Bakının Yasamal rayonunun Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb.

Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

BŞİH gələcəkdə də ərazidə monitorinqlər aparacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görəcək.