Akif Quliyev: "Həkəriçay su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək"

İnfrastruktur
  • 27 oktyabr, 2026
  • 14:19
Akif Quliyev: Həkəriçay su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Həkəriçay su anbarı vasitəsilə 700 minə yaxın əhali içməli su ilə təmin olunacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan bu su anbarı tam olaraq içməli su ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub: "Anbardan çəkiləcək 172 kilometrlik magistral-paylayıcı xətt Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarında ümumilikdə 700 minə yaxın əhalinin içməli su təminatını yaxşılaşdıracaq. Bundan əlavə, magistral xətt üzərində ümumi gücü 10,8 meqavat olan üç su-elektrik stansiyasının tikintisi də nəzərdə tutulur. Həkəriçayı su anbarının tikintisindən sonra yəqinki Bərgüşad su anbarının da yenidən tikintisinə baxılacaq. Hazırda sənədləşmə işləri aparılır".

A. Quliyev əlavə edib ki, Azərbaycan içməli su ilə bağlı risk qruplarına daxildir: "Ümumiyyətlə bizim su ehtiyatlarımızın 70 %-i transsərhəd çaylardan gəldiyi üçün, bizim ölkəmizdə mövcud olan – Həkəri çay su anbarı tam olaraq Azərbaycan sərhədlərində formalaşdığından, həmin su tam olaraq ekoloji vəziyyətdə, yaxşı vəziyyətdə olduğu üçün layihə içməli su istiqamətləndirilib".

O qeyd edib ki, ən böyük su anbarı olan Mingəçevir su anbarıdır və burada iki il ildir yağıntılar hesabına müəyyən qədər su toplanıb: "Ümumi resurs üzrə 141 ədəd su anbarı mövcuddur ki, faktiki bizim agentlik tərəfindən həm içməli, həm suvarma sahəsində istifadə olunur. Ümumi anbarlarımızın keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard artıq su toplanıb. Bu il biz hələki bir təhlükə görmürük. Aşağı Muğan kanalının yenidən qurulması, tikinti işləri davam etdirilir. Baş Muğan kanalının növbəti ildə tikintisinə start veriləcək. Qarabağ suvarma kanalının yenidən tikilməsi, sənədləşmə mərhələsindədir. Yəqin ki, növbəti illərdə Qarabağ kanalının tikintisinə başlanılacaq".