İdarə rəisi: "Quraşdırılan süni intellektlərin menecmenti aparılmalıdır"

İKT
  • 20 oktyabr, 2026
  • 11:04
İdarə rəisi: Quraşdırılan süni intellektlərin menecmenti aparılmalıdır

Quraşdırılan süni intellektlərin, agentlərin və onların istifadə elədiyi alətlərin menecmenti aparılmalıdır.

"Report" xəbər ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, süni intellekt agentlərinə minimal imtiyazlar verilməlidir: "Biz bəzi hallarda görə bilirik ki, hər hansısa "production"da olan məlumat bazasının və yaxud sistemin login-parolunu developerlər və ya sistem administratorları süni intellekt agentlərinə verirlər ki, "mənim üçün bu işi gör". Həmin süni intellekt agenti orada doğrudanmı həmin işi görür, yoxsa səhv edir? Bu imtiyazlı istifadə hüququnun həmin agentə verilməsi sonradan hansı fəsadlara gətirib çıxara bilər? Bu kimi məsələlərə mütləq diqqət olunmalıdır".

N.Novruzov deyib ki, süni intellektin inkişafı ilə artıq avtonom hücum agentləri həm kəşfiyyat aparır, həm zəifliklərin istismarı ilə məşğul olur, həm də məlumatları toplayaraq şəbəkədə özünü yayır: "Bu kimi təhdidlərin qarşısında dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərləri artıq məsələni hansı yolla həll edəcəkləri barədə düşünməlidirlər. Texnologiyanın sürətli inkişafı fonunda bu cür risklərin idarə olunması və qabaqlayıcı tədbirlərin görülməsi müasir dövrün əsas tələblərindən birinə çevrilmişdir".