Deputat: "Radiotezliklərin əhatə dairəsi yenidən nəzərdən keçirilməlidir"

İKT
  • 23 oktyabr, 2026
  • 12:01
Deputat: Radiotezliklərin əhatə dairəsi yenidən nəzərdən keçirilməlidir

Azərbaycanda radiotezliklərin əhatə dairəsi yenidən nəzərdən keçirilməlidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Məmmədov bildirib.

"Bakıdan Qubaya avtomobillə gedərkən, ən azı 3-4 dəfə radio tezliyini dəyişmək lazım gəlir. Niyə belə olur? Məsafə o qədər də böyük deyil, bəs nə üçün bunu vahid tezliklə təmin edə bilmirik? Azərbaycanın mərkəzindən kənarlara doğru getdikcə xarici ölkələrin radio tezlikləri bizim tezlikləri üstələyir. Şimala doğru irəlilədikcə Rusiya və Dağıstan radioları üstünlük təşkil edir, yerli radio tezlikləri isə itir. Bu, yayımın keyfiyyətli olmadığını göstərir. Qərbə doğru, Gürcüstan istiqamətində də oxşar vəziyyət yaranır, yerli radio tezlikləri zəifləyir. Buna görə də hesab edirəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Əgər problem texniki təchizatla bağlıdırsa, onu həll etməliyik. Yox, əgər başqa səbəblər varsa və problemin peyk vasitəsilə həlli mümkündürsə, bu imkanlardan istifadə etməliyik. Artıq öz peykimiz də var", - deyə o qeyd edib.