Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub

Hadisə
  • 29 oktyabr, 2026
  • 09:04
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a bildirilib ki, məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında Konstitusiyanın 60 və 71-ci maddələrinin tələbləri baxımından Cinayət Məcəlləsinin 66.5-ci və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və 71-ci maddəsinin I və X hissələrinin, Cinayət Məcəlləsinin 66 və 81-ci maddələrinin tələblərinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəzanın təyini zamanı amnistiyanın tətbiqi nəticəsində şəxsin çəkilməkdən azad edildiyi cəza hissəsi cəzaların toplanması və əhatə edilməsi prosesinə daxil edilməməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

44 filmi