Bakı sakinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- 14 mart, 2018
- 08:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında R.Məmmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qətl hadisəsi ötən il iyunun 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
R.Məmmədov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.