"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

Futbol
  • 20 oktyabr, 2026
  • 17:03
İmişli komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır.

Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib.

Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:

"Hazırda bu işin üzərində çalışırıq. Komandamızın prezidenti Kamran Eyyubov mövcud məsələdə çox həssasdır. Əcnəbi məşqçilərin keçmişinə nəzər yetiririk. Rəhbərlik daha çox uğurları olan məşqçilərə üstünlük verir. Yerli mütəxəssislə anlaşacağımıza inanmıram. Daha çox xarici məşqçilərin üzərində dayanmışıq. İstərdik ki, ispaniyalı mütəxəssislə işləyək. Onların futbolunu çox bəyənirik. Lakin indiki vəziyyətdə dəqiq nəsə demək olmur. İspaniyalı mütəxəssislə yanaşı, başqa ölkələrdən olan baş məşqçilərə də nəzər yetiririk".

Xatırladaq ki, "İmişli" kollektivi bir neçə gün öncə baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Komandaya müvəqqəti olaraq köməkçi məşqçi Ervins Perkons rəhbərlik edir.

"İmişli" hazırda Misli Premyer Liqasında 7 xalla doqquzuncu sırada yer alıb.