Elgiz Kərəmli: "Premyer Liqada oynamış futbolçuların I Liqaya yollanması səviyyəni artırır"

Futbol
  • 03 sentyabr, 2026
  • 16:51
Elgiz Kərəmli: Premyer Liqada oynamış futbolçuların I Liqaya yollanması səviyyəni artırır

Premyer Liqada oynamış bəzi futbolçuların I Liqaya yollanması çempionatın səviyyəsini artırır.

Bunu "Report"a açıqlamasında ötən il I Liqada "Şəfa"nın baş məşqçisi kimi çempionluq yaşayan Elgiz Kərəmli deyib.

Hazırda Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi vəzifəsini icra edən mütəxəssis bu gün start götürən aşağı dəstənin maraqlı keçəcəyini bildirib:

"I Liqanın səviyyəsi ildən-ilə artmaqdadır. Xüsusilə Premyer Liqada legioner limitinin ləğvindən sonra bu vəziyyət daha çox hiss olunmaqdadır. Legionerlərə görə heyətə düşə bilməyən səviyyəli oyunçular I Liqa klublarına üz tuturlar. Bu da istər-istəməz komandaların səviyyəsini artırır. Bu il də aşağı dəstədə maraqlı və gərgin mübarizələrin şahidi olacağıq".

O, cari mövsüm I Liqada 4 komandanın çempionluq uğrunda mübarizə aparacağını düşündüyünü söyləyib:

"Rəqabət daha da qızışa bilər. Fikrimcə, "Səbail", "Karvan-Yevlax", "Şahdağ Qusar" və MOİK çempionluq uğrunda yarışacaqlar. MOİK də artıq yaxşı heyət yığıb. "Mingəçevir" komandası bir az gec toplandı, bu səbəbdən ola bilsin ki, onlar üst pillələrdən kənarda qalsınlar. "Karvan-Yevlax"ı ötən ilin "Mingəçevir"inə bənzədərdim. Həm baş məşqçi Ramiz Məmmədov Yevlax təmsilçisinə yollanıb, həm də bəzi futbolçular".

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi I Liqanın oyunları bu gün start götürəcək. Çempionatda "Baku Sportinq", "Gəncəbasar", "Karvan-Yevlax", "Mingəçevir", MOİK, "Səbail", "Şahdağ Qusar", "Şimal", "Xankəndi" və "Zaqatala" kollektivləri yarışır.