Azərbaycan millisinin sabiq məşqçisi: "Nəzərə alaq ki, rəqiblər FIFA reytinqində bizdən yuxarıdadırlar"
- 14 mart, 2025
- 17:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Nəzərə alaq ki, onlar FIFA reytinqində bizdən yuxarıdadırlar.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, yığmanın Belarus və Haiti ilə keçirəcəyi yoldaşlıq oyunları barədə fikirlərini bildirib:
"Düşünürəm ki, Belarus və Haiti yığmaları ilə yoldaşlıq oyunları komandamıza müəyyən qədər töhfə verəcək. Bu cür matçlarda baş məşqçi yeni futbolçuları sınamaq imkanı əldə edəcək. Heyətə də baxanda yeni simaları görə bilirik. İnanırıq ki, hər biri millimizə faydalı olacaqlar. Hər iki oyun sentyabrda başlayacaq dünya çempionatının seçmə mərhələsinin görüşlərinə hazırlıq xarakteri daşıyır. Rəqiblərin hər ikisi yığmanın gücünə uyğundur. Nəzərə alaq ki, onlar FIFA reytinqində bizdən yuxarıdadırlar. Yoldaşlıq görüşü olsa da, qələbə qazanmağımızı istəyərdim. Çünki qələbə istənilən halda ruh yüksəkliyi gətirir".
Mütəxəssis ilk dəfə əsas millinin düşərgəsinə çağırılan Şahin Şahniyarov, Xəyal Əliyev, Ağadadaş Salyanski və Rəhman Daşdəmirova bu cür oyunlarda şans verilməsinin tərəfdarı olduğunu söyləyib:
"Adıçəkilən oyunçulara hansı oyunlarda şans verilməlidir? Belə qarşılaşmalar onlar üçün böyük şansdır. Özlərini göstərməli, yığma üçün yeni simalar olmalıdırlar. Təbii ki, onlar hazırda yığmanı öz çiyinlərində daşıyacaq gücdə deyillər. Lakin zamanla hər birinin əsas heyət üzvünə çevrilmək şansları var. I Liqada çıxış edən futbolçunun milliyə dəvət alması isə bir başqa sevindirici haldır".
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.