Orxan Qubatov: "Azərbaycanda bilyardın daha da inkişaf etməsini istəyirəm"

Fərdi
  • 04 noyabr, 2026
  • 13:02
Orxan Qubatov: Azərbaycanda bilyardın daha da inkişaf etməsini istəyirəm

Bilyardın snuker növü üzrə Azərbaycan çempionatının qalibi olan Orxan Qubatov bu idman növünün ölkədə daha da inkişaf etməsini istəyir.

İdmançı bu barədə "Report"a açıqlamasında bildirib.

O.Qubatov yarışda birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Bu çempionluq mənə çox xoş və xüsusi hisslər yaşatdı. Bilyard uşaqlıqdan ən böyük həvəslərimdən və həyatımın ayrılmaz hissəsindən biri olub. Bu gün əldə etdiyim nəticə isə illər ərzində bu idmana göstərdiyim sevginin və əməyin bir növ bəhrəsidir. Əsas məqsədim yalnız şəxsi uğurlar qazanmaq deyil. İstəyirəm ki, ölkəmizdə bilyard idmanı ümumilikdə inkişaf etsin. Söhbət təkcə snukerdən deyil, bilyardın bütün növlərindən gedir. Arzum budur ki, Azərbaycanda bu idmana maraq daha da artsın, gənc və istedadlı idmançılar yetişsin və gələcəkdə ölkəmizi Avropa və dünya çempionatlarında ən yüksək səviyyədə təmsil edən, dünya və Avropa çempionu olan idmançılarımız olsun".

O, bilyardın inkişafı üçün çalışacağını söyləyib:

"İnanıram ki, düzgün inkişaf, gənclərə yaradılan imkanlar və davamlı dəstək sayəsində Azərbaycan bilyardda daha böyük uğurlara imza ata bilər. Mən də öz növbəmdə həm idmançı, həm də bu idmanın inkişafına töhfə verən biri kimi əlimdən gələni etmək istəyirəm".

Xatırladaq ki, Orxan Qubatov bilyardın "Pool" növü üzrə də üçqat Azərbaycan çempionudur.

44 filmi