Fermin Eqido Alonso: "Azərbaycanda uzun müddət yarışlar təşkil edəcəyimizə ümid edirəm"
- 29 oktyabr, 2026
- 16:08
Yeniliklərdən dərhal xəbərdar olun!
"Oceanman"ın təsisçisi Fermin Eqido Alonso Azərbaycanda uzun müddət yarışlar keçirə biləcəklərinə ümid edir.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib.
Funksioner 2027-ci ildə Bakıda baş tutacaq "Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı barədə fikirlərini bölüşüb:
"Azərbaycanda yaxşı layihə qura biləcəyimizə inandıq. Bizə dəstək olanlara təşəkkür edirəm. İlk növbədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayevə minnətdaram. Həmçinin Gənclər və İdman Nazirliyinə bu layihəni dəstəklədikləri üçün təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycanda uzun müddət yarışlar təşkil edəcəyik".
Qeyd edək ki, turnir 2027-ci ilin sentyabrında "Sea Breeze" ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. "Oceanman" yarışının mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir. Seriya peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7–75 yaşarası həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir.
"Oceanman Azerbaijan – Sea Breeze" yarışlarının proqramına müxtəlif məsafələr üzrə üzgüçülük yarışları daxildir. İştirakçılar 10 kilometrlik "Oceanman", 5 kilometrlik "Half Oceanman" və 2 kilometrlik sprint yarışlarında mübarizə aparacaqlar.