Rövşən Cavadov: "ARDNF İtaliyada 402 MVt gücündə günəş enerjisi portfelinə sahibdir"
- 23 noyabr, 2026
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliya ərazisində 402 MVt ümumi gücə malik günəş enerjisi portfelinə sahibdir.
"Report" xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktorun müavini Rövşən Cavadov "Azərbaycan-İtaliya biznes forumu" çərçivəsində çıxış edərkən bildirib.
R.Cavadovun fikrincə, Avropanın ən iri və ən diversifikasiya olunmuş sənaye bazarlarından birini təmsil edən İtaliyanın iqtisadi potensialının yaranmasında dünya miqyasında mühəndislik, dizayn və innovasiya ilə fərqlənən ailə müəssisələrinin unikal ekosistemi əhəmiyyətli yer tutur:
"Bu müəssisələrin əksəriyyəti öz fəaliyyət sahələrində beynəlxalq səviyyədə lider mövqe tutur və "Made in Italy" brendinin əsas aparıcı qüvvəsini formalaşdırır. Məhz bu kontekstdə ARDNF FSI və "Azura Capital" ilə partnyor əlaqələri vasitəsilə səhiyyə, rəqəmsal texnologiyalar və maliyyə xidmətləri, habelə sənaye sektorlarında çalışan İtaliyanın qabaqcıl yerli şirkətlərini və ailə bizneslərini dəstəkləyir".
R.Cavadov vurğulayıb ki, Fondun İtaliyanın öncül özəl şirkətlərindən hesab olunan, yüksəksürətli dəmir yolu operatoru "Italo"ya da investisiyası var: "Bu sərmayə sayəsində Şimal və Cənubi İtaliyanı bir-birinə bağlayan, ildə milyonlarla sərnişinə xidmət edən nəqliyyat infrastrukturunu maliyyələşdiririk. Eyni zamanda, ARDNF İtaliyanın aparıcı müstəqil enerji istehsalçılarından olan "Infinity Global" şirkəti ilə tərəfdaşlıq qurub və "Lazio" ilə Emilia-Romagna bölgələrində fəaliyyət göstərən 14 günəş elektrik stansiyasından ibarət portfeldə 49 % paya sahib olub. Ümumi gücü 402 meqavat təşkil edən bu portfel təqribən 250 min İtaliya ailəsini bərpa olunan elektrik enerjisi ilə təchiz etmə qabiliyyətinə malikdir".
O qeyd edib ki, bu əməkdaşlıq bugünkü şəraitdə xüsusi önəm kəsb edir: "Belə ki, Azərbaycan ilə İtaliya arasında uzun müddət ərzində neft və qaz hasilatı, eləcə də daşınması sahəsində formalaşan tərəfdaşlıq indi bərpa olunan enerji istiqamətini də əhatə etməyə başlayıb. ARDNF İtaliyanın dövlət istiqrazlarına və səhmlərinə də etibarlı investor qismində sərmayə qoyur, bu yolla ölkənin kapital bazarlarının likvidliyinə və sabitliyinə töhfə verir".