BP AÇG-də 4D seysmik kəşfiyyatının III mərhələsinə başlamağı planlaşdırır

Energetika
  • 04 noyabr, 2026
  • 16:53
BP AÇG-də 4D seysmik kəşfiyyatının III mərhələsinə başlamağı planlaşdırır

"BP-Azərbaycan" şirkəti 2027-ci ilin yanvar ayında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda dördölçülü (4D) seysmik tədqiqatların üçüncü mərhələsinə başlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.

"Yüksək dəqiqlikli dəniz dibi qurğularından istifadə etməklə AÇG-də 4D seysmik tədqiqatlar proqramı çərçivəsində cari ilin üçüncü rübü ərzində 2025-ci ildə əldə edilmiş məlumatların interpretasiyası və inteqrasiyası davam etdirilib. Paralel olaraq, üçüncü il üzrə məlumatların toplanmasına hazırlıq işləri aparılıb. Bu mərhələyə 2027-ci ilin yanvarında başlanılması planlaşdırılır", - qeyd olunub.

Daha əvvəl bildirilib ki, AÇG-də seysmik tədqiqat işləri "Qarabağ" dəniz yatağında seysmik kəşfiyyat işlərinin başlanması ilə əlaqədar 2025-ci ilin dekabrında dayandırılıb. İşlərin 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlində bərpa olunması planlaşdırılırdı.

BP 2024-cü il yanvarın 20-də AÇG-də 4D seysmik kəşfiyyat proqramının icrasına başlayıb. Birinci mərhələ elə həmin ildə qrafikdən tez və planlaşdırılandan daha aşağı xərclərlə başa çatıb.

Proqram işə salınarkən onun dəyəri təxminən 370 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi, icra müddəti isə 2024-cü ildən 2028-ci ilə qədər beş il olaraq nəzərdə tutulmuşdu. Tədqiqatlar "Balaxanı" və "Fasilə" laylarının öyrənilməsinə və blokun sonrakı işlənməsinin optimallaşdırılmasına yönəlib.