Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir
- 21 oktyabr, 2026
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı hər il azərbaycanlı tələbələrə "Səudiyyə Ərəbistanında oxu" (Study in Saudi Arabia) proqramı çərçivəsində 121 təqaüd təqdim edir.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteyli Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, proqram azərbaycanlı tələbələrə Səudiyyə Ərəbistanında müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı verir: "Müraciətlər onlayn şəkildə təqdim olunur, təhsil xərclərini isə Səudiyyə tərəfi qarşılayır".
Diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanının sərgidə iştirakı krallığın mədəniyyətinin və tarixi irsinin tanıdılmasına, həmçinin iki ölkə arasında mədəni mübadilənin və qarşılıqlı anlaşmanın inkişafına yönəlib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı stendində ölkənin milli kimliyindən, tarixindən, mədəniyyətindən və nailiyyətlərindən bəhs edən müxtəlif qurumların materialları təqdim olunur.
Xüsusən də, ziyarətçilər Quran-Kəriminn müxtəlif dillərdə nəşrlərini çap edən Müqəddəs Quranın çapı üzrə Kral Fəhd Kompleksinin materialları, eləcə də Səudiyyə Ərəbistanının tarixi, ərəb dilinin qorunması və ərəb xəttatlığının inkişafı üzrə qurumların fəaliyyəti haqqında məlumatlarla tanış ola bilərlər.
Bundan əlavə, stenddə həm də Azərbaycanla işləyən və azərbaycanlı tələbələr üçün təhsil imkanlarının təşviqinə dəstək verən Səudiyyənin Türkiyədəki mədəniyyət nümayəndəliyinin fəaliyyəti haqqında məlumat təqdim olunur.