Səfir: Azərbaycanın ruandalı tələbələr üçün təqaüd proqramı gənclərə peşəkar bacarıqlar qazanmağa şərait yaradır
- 15 iyul, 2026
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla Ruanda diplomatiya və təhsil sahəsində əməkdaşlığı gücləndirir.
Bu barədə "Report"un Türkiyə bürosuna Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa (Charles Kayonga) bildirib.
O, deyib ki, Bakıda keçirilən Azərbaycan Diplomatiya Günü münasibətilə təşkil olunan tədbirdə iştirak edib və səfəri çərçivəsində iki ölkə arasında diplomatik əməkdaşlığın inkişafına yönəlmiş bir sıra görüşlər keçirib.
Səfir Azərbaycanın təhsil nazirinin müavini Həsən Həsənli ilə də görüşərək təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Kayonqa Azərbaycanın ruandalı tələbələr üçün ayırdığı təqaüd proqramlarını yüksək qiymətləndirərək bildirib ki, bu imkanlar gənclərin bir çox ölkələrdə əlçatan olmayan ixtisas sahələri üzrə təhsil almasına və peşəkar bacarıqlar qazanmasına şərait yaradır.
Onun fikrincə, bu addımlar Azərbaycan və Ruanda arasında dostluq münasibətlərinin davamlı şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir, eyni zamanda diplomatiya, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində hər iki ölkənin ortaq iradəsini təsdiqləyir.
Səfəri müddətində Carlz Kayonqa həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Afrika İdarəsinin rəisi Elməddin Mehdiyevlə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycan və Ruanda arasında əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, ikitərəfli münasibətlərdə əldə olunan müsbət irəliləyişlərdən bəhs edilib.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və mövcud dinamikanın qorunub saxlanılması istiqamətində hədəflərini bir daha müzakirə ediblər.