MÜTDA: Odundan istifadə edən bütün məktəblərdə pellet yanacağına keçid təmin edilib
- 18 noyabr, 2026
- 12:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Odun yanacağından istifadə edən bütün məktəblərdə pellet yanacağına (ağac yonqarı, taxta tullantıları və digər biokütlə materiallarının yüksək təzyiq altında sıxılması ilə hazırlanan ekoloji təmiz, silindrik bərk yanacaq qranulları -red.) keçid təmin edilib.
"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.
Hazırda 214 məktəb, 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.
176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə istilik təmin edilməkdədir.
Bununla yanaşı, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib.
"İstilik mövsümü ərzində gündəlik əsasda yarana biləcək texniki problemlərin operativ həlli, təhsil müəssisələrininin mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək", - məlumatda qeyd olunub.