NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

Elm və təhsil
  • 31 oktyabr, 2026
  • 15:13
NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Memoranduma Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov imza atıblar.

Sənədə əsasən, tərəflər professor-müəllim heyətinin və əməkdaşların akademik mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması, simpozium, konfrans, qısamüddətli kurs və görüşlərin təşkili, eləcə də ömürboyu təhsil proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Memorandum innovativ tədris və idarəetmə təcrübələri üzrə məlumat mübadiləsini, mütəxəssislərin ixtisasartırma prosesinə dəstəyi, biblioqrafik və informasiya materiallarının hazırlanması və mübadiləsini də əhatə edir. Əməkdaşlığın səmərəli təşkili, birgə fəaliyyətlərin planlaşdırılması və elmi resurslardan qarşılıqlı istifadənin təmin edilməsi məqsədilə universitetlər tərəfindən koordinatorlar təyin olunacaq.

Anlaşma memorandumu 5 il müddətində qüvvədə qalacaq.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev memorandumun imzalanma mərasimindəki çıxışında universitetin 60 illik inkişaf yolundan, təhsil və elmi-tədqiqat potensialından, beynəlxalq əlaqələrindən və strateji hədəflərindən bəhs edib. NDU-da fəaliyyət göstərən Süni İntellekt, Proqramlaşdırma və İnnovasiya mərkəzləri, Nəbatat bağı və rəsədxanalar haqqında məlumat verən rektor fakültələrin tədris və elmi-tədqiqat imkanlarına, müasir infrastrukturuna, xüsusilə laboratoriya bazasının genişləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib. Yeni tələbə yataqxanasının tikintisinə başlanıldığını bildirən Elbrus İsayev ADNSU ilə birgə elmi-tədqiqatların aparılması, layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov NASCO 29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, bədii proqramın onda xoş təəssürat yaratdığını bildirib. Universitetin inkişaf prioritetlərinə toxunan rektor tələbələrin iştirakı ilə layihələrin hazırlanmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə NDU ilə birgə təşəbbüslərin hər iki ali təhsil müəssisəsinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. Rüfət Əzizov həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə tələbə qəbulunun və ixtisasların optimallaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlərdən danışıb.