"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

Ekologiya
  • 22 oktyabr, 2026
  • 15:53
Global Media Groupun təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

"Global Media Group" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 oktyabr 2026-cı il tarixində ənənəvi ağacəkmə aksiyasını həyata keçirib. "Yaşıl gələcək birlikdə kök salır" şüarı altında təşkil olunan aksiya Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş tutub.

"Report" xəbər verir ki, qrupa daxil olan media qurumlarının və şirkətlərin əməkdaşlarından, həmçinin, Bakı Avropa Liseyinin şagirdlərindən ibarət könüllülər ərazinin relyefini və yerli iqlim şəraitini nəzərə alaraq zeytun və şam ağacı tingləri əkib, onlara aqrotexniki qulluq göstəriblər.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına töhfə verməkdir.

BMT-nin Qlobal Sazişinin üzvü olan "Global Media Group" korporativ sosial məsuliyyət siyasəti çərçivəsində ekoloji layihələrə və ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Qrup gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına yönəlmiş təşəbbüslərini mütəmadi olaraq davam etdirir.

Qeyd edək ki, "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

44 filmi