Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir

Din
  • 21 oktyabr, 2026
  • 12:29
Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir

Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir.

"Report" xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" adlı Ailə Forumunda səsləndirib.

Onun sözlərinə görə, hazırda bu cür meyllər mövcuddur və belə cəhdlər əslində ideoloji təhlükəsizlik prizmasından ciddi təhdidlərdən birini təşkil edir:

"Biz dini, milli və mənəvi dəyərlərimizi elə formada təbliğ etməliyik ki, bu prosesdə ailə institutu din pərdəsi altında digər xalqların ailə quruluşuna oxşamasın. Bu problemin həll yolu isə İslamı düzgün və dəqiq formada cəmiyyətə çatdırmağımızdan asılıdır".

G.İsmayılov həmçinin bildirib ki, İslamın şərtləri ilə yanaşı, onun məqsədləri də ictimaiyyətə izah olunmalıdır:

"Təəssüf ki, biz İslam haqqında söhbət açanda, dinimizlə bağlı danışanda daha çox onun şərti və prinsipləri üzərində dayanırıq. Lakin bu günədək neçəmiz eşidib ki, İslamın məqsədi nədir deyə sual qoyulsun? Heyf ki, İslamın şərtlərindən, əməllərindən, ibadətlərindən, prinsiplərindən bəhs etdiyimiz halda, onun məqsədlərini müzakirə etmirik. İslamın beş fundamental məqsədi mövcuddur: insanı mühafizə etmək (yəni canı qorumaq), malı mühafizə etmək (yəni mülkiyyətin toxunulmazlığını təmin etmək), ədaləti qorumaq, inanc azadlığını qorumaq və sonuncusu – ailə institutunu qorumaq".

44 filmi