WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib

Digər ölkələr
  • 21 oktyabr, 2026
  • 01:22
WSJ: İlon Mask Ukraynada Starlinkin işini məhdudlaşdırmağı əmr edib

"SpaceX" şirkətinin rəhbəri İlon Mask ötən həftə Ukraynada "Starlink"in hərbi versiyasının - "Starshield"in işini məhdudlaşdırmağı şəxsən əmr edib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal"a (WSJ) ABŞ rəsmiləri və məsələdən xəbərdar olan mənbələr bildiriblər.

Bəzi ABŞ rəsmilərinin sözlərinə görə, Mask bu qərarı müstəqil şəkildə qəbul edib və ABŞ Prezidenti Donald Tramp hər hansı sərəncam verməyib.

Lakin nəşrin mənbələrindən biri bildirib ki, sahibkar sürəti məhdudlaşdırmazdan əvvəl Amerika administrasiyasının bir çox yüksəkvəzifəli nümayəndələri, o cümlədən onun rəhbəri ilə söhbət edib.

Mask daha əvvəl məhdudiyyətlərə görə məsuliyyətini inkar edərək sürət və "Starshield"in istifadəsi ilə bağlı qərarların ABŞ hakimiyyəti tərəfindən qəbul olunduğunu iddia etmişdi.

"Starshield" sistemləri ABŞ hökumətinə məxsusdur və onun tərəfindən nəzarət olunur, sürətin məhdudlaşdırılması və ya istifadə şərtləri haqqında qərarlar hərbi rəhbərlik və son nəticədə ABŞ Prezidenti tərəfindən qəbul edilir", - Mask öz "X" hesabında yazmışdı.

Daha sonra Tramp Ağ Evdə jurnalistlərlə söhbətində "Starshield"in yavaşladılmasına aidiyyəti olmadığını vurğulayıb.