Vyanada yanlış siyasi qərarların günahlarının yuyulduğu kilsə - ATƏT-in daimi evindən REPORTAJ

Digər ölkələr
  • 22 aprel, 2023
  • 10:21
Vyanada yanlış siyasi qərarların günahlarının yuyulduğu kilsə - ATƏT-in daimi evindən REPORTAJ

Vyananın tarixi mərkəzini Dairəvi yol kimi tanınan “Ringstrabe” bulvarı əhatə edir. O, XIX əsr memarlığının ən mühüm nümunələrindən biri hesab olunur. Hətta tarixi və arxitekturasının gözəlliyi səbəbilə “Dairəvi Yolların Lordu” adlandırılır. Təxminən 5,3 kilometr uzunluğunda olan bulvar Vyananın əsas turizm məkanlarından biridir. Elə ona görə də səfərimizin üçüncü günündə şəhərin gəzintisinə bu ərazidən başladıq.

Ərazidə ən diqqət çəkən tikililərdən biri Avstriya Parlament binasıdır. 1883-cü ildə neoklassik üslubda inşa edilmiş bina ağ mərmər sütunları, fasadındakı heykəlləri, həmçinin Vyananın bir çox yerlərindən görünən böyük günbəzi ilə fərqli görkəmə malikdir. Hazırda burada Avstriya parlamentinin Milli Şurası və Federal Şurası fəaliyyət göstərir. Mühüm dövlət tədbirləri ilə yanaşı, Avstriya Prezidentinin andiçmə mərasimi də bu binada keçirilir. 100-dən çox otağı olan binada həm də böyük bir kitabxana və Avstriya parlamentinin tarixini özündə barındıran muzey fəaliyyət göstərir. Vyanada Parlament binasına turistlər daha çox muzey kimi yanaşırlar, demək olar ki, əksəriyyət onun qarşısında şəkil çəkdirir və mühafizəçilər qəti şəkildə buna mane olmurlar.

Bu ərazidə, hətta bütövlükdə Vyanada Parlament binası ilə təxminən eyni dövrdə tikilən və ən az onun qədər göz oxşayan digər memarlıq nümunəsi isə Meriya binasıdır. Ümumiyyətlə, Vyanada da, Danimarkada olduğu kimi, dövlət binalarının böyük əksəriyyəti tarixi və olduqca əzəmətlidir. Tikili 1872-1883-cü illər arasında paytaxtın əsas meydanlarından olan Razausplatzda neoqotika memarlıq üslubunda inşa edilib. Vyananın ən hündür binalarındandır və qülləsinin üstündə şəhərin qoruyucusu Müqəddəs Stefanın heykəli yerləşir. İl ərzində onun qarşısında sərgilər, konsertlər, konfranslar, müxtəlif tədbirlər həyata keçirilir. Biz orada olarkən Pasxa ilə əlaqədar yarmarka da təşkil olunmuşdu. Fikrimcə, Vyanada Meriya binası oradakı bir çox tikilidən, hətta bəzi kilsələrdən daha mistik görüntüyə malikdir. Şəhərdəki binaların görüntüsünü bir müddət sonra unutmaq olur, ancaq Meriya binası gözünüzün qarşısında elə ilk gördüyünüz andakı kimi bulanıqsız canlanır. Bəlkə, bu səbəblə Vyananın ən önəmli simvollarındandır.

Onun 250-300 metr aşağısında isə dünyada ən məşhur almandilli teatrlardan olan Burqteatr yerləşir. O teatr ki, orada daima Şekspir, Höte, Şiller kimi dramaturqların pyesləri səhnələşdirilməklə yanaşı, ənənəvi teatrın hüdudlarını aşılaraq avanqard üslubda tamaşalar da nümayiş olunub, olunur. Əsası hələ 1741-ci ildə qoyulmuş bu teatr Avstriya mədəni irsinin simvoludur və onun inkişafına, qorunmasına daim xüsusi diqqət ayrılır. İkinci Dünya müharibəsi dövründə bombalardan ciddi ziyan gördüyü üçün bir neçə il fəaliyyəti dayandırılıb, lakin əsas mədəniyyət mərkəzlərindən olduğu üçün müharibədən sonra Avstriya hökuməti teatrın bərpasına böyük sərmayə qoyub və 1955-ci ildə fəaliyyəti bərpa olunub. Bu yer Avropada elektrik işıqlandırma sistemindən istifadə edən ilk teatrdır, həmin sistem isə 1888-ci ildə quraşdırılıb.

Vyananın daşı-torpağı məni özünə valeh etdiyi üçün şəhərin mənfi tərəflərini çox görməsəm də, bir şeyi qeyd etməliyəm ki, mədəniyyətin beşiyində mədəniyyətə qovuşmaq heç də hər turist üçün əlçatan deyil. Hələ opera, teatr biletlərinin qiymətinə çatmadan, bunu muzeylərin giriş qiymətlərindən də sezmək olur. Ən aşağı qiymət Belveder sarayına giriş üçün tətbiq olunur ki, o da təxminən 9 avrodur. Albertina muzeyinin girişi 19, Şönbrunn sarayınınkı isə 20 avro təşkil edir, digər məkanlarda da qiymət təxmini bu aralıqda və bəlkə, daha da yüksəkdir.

Qiyməti digərləri ilə müqayisədə münasib olan və turistlərin ən çox axın etdiyi məkanlar sırasında yer alan Belveder sarayı XVIII əsrdə Savoy şahzadəsi Yevgeni üçün yay iqamətgahı olaraq tikilib. Bəzəkli fasadları, pilləkənləri və gözəl bağı ilə barokko üslubunun şah əsərlərindən hesab olunur. Bəzi mənbələrdə qeyd olunur ki, bu saray I Dünya müharibəsi zamanı hərbi xəstəxana, daha sonra isə Avstriya ordusu üçün kazarma kimi istifadə edilib. Hazırda muzey kimi fəaliyyət göstərən saray Yuxarı Belveder və Aşağı Belveder adlı iki hissəyə ayrılır və bunlar arasında yaşıl dam örtüyü olan Yuxarı Belveder daha məşhurdur. Burada geniş Avstriya incəsənət kolleksiyası qorunur ki, onlar arasında məşhur avstriyalı rəssam Qustav Klimtin “The Kiss”, “Judith”, “Death and Life” kimi əsərləri də yer alır.

Belveder Muzey kompleksinin digər hissəsini təşkil edən Aşağı Belvederin görüntüsü isə Yuxarı Belvederlə müqayisədə daha sadədir. Bu binada beynəlxalq incəsənətin müvəqqəti sərgiləri kolleksiyası saxlanılır. Bundan əlavə, heykəltəraşlıq kolleksiyaları və XVIII əsrə aid çini və gümüş qablar da burada nümayiş olunur.

Vyanada tarixən yay iqamətgahı (Habsburq imperatorunun) kimi istifadə edilmiş bir digər saray isə Şönbrunndur. YUNESKO-nun Dünya İrsi siyahısına salınmış bu saray XVIII əsrə aiddir və Belveder sarayı kimi barokko üslubunda tikilib. Giriş qiyməti tələbələr üçün belə münasib olmadığına görə 1400-dən çox otağı olan bu sarayın içərisini görə bilməsək də, çöldən görüntüsünü olduqca bəyəndim. Fəvvarələr, heykəllər və labirintləri özündə cəm edən geniş bağçaya malikdir. Oraya pulsuz daxil olmaq mümkündür, sadəcə “Palm House”, uşaq və böyüklər üçün atraksiyonların olduğu “Maze” kimi hissələri var ki, onlar üçün bilet almalısınız. Şönbrunn sarayını maraqlı edən bir digər xüsusiyyəti də ayrıca zooparkının olmasıdır. Girişi 26 avro olan bu zoopark dünyanın ən qədim zooparkıdır, 1752-ci ildə yaradılıb, hazırda orada 700-dən çox heyvan saxlanılır.

Vyanadakı qədimiliyi ilə seçilən və həm ölkənin, həm də şəhərin tarixində xüsusi yer tutan saray isə Hofburqdur. O, XIII əsrdə Babenberq sülaləsinin göstərişi ilə orta əsr qalası kimi inşa edilib. Lakin XV əsrdən Avstriyaya nəzarəti ələ keçirən Habsburqlar sülaləsi tərəfindən genişləndirilərək imperator sarayına çevrilib və daha çox imperatorun qış iqamətgahı kimi istifadə olunub. Saray tarixən müxtəlif dövrlərdə təmir edildiyinə və genişləndirildiyinə görə müxtəlif memarlıq üslublarını özündə birləşdirib. İlk olaraq qotika memarlıq üslubunda ucaldılmış saray sonradan barokko və rokoko üslublarını da özündə cəmləşdirib. Bu gün Avstriya İmperiyasında siyasi gücün mərkəzi olmuş Hofburq sarayında Avstriya Milli Kitabxanası, Avstriya Milli Arxivi və İmperator Xəzinədarlığı da daxil olmaqla, bir sıra mühüm mərkəzlər mövcuddur. Burada həmçinin Avstriya Prezidentinin və Avstriya Federal Kanslerinin ofisləri yerləşir. Saray həm də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) daimi qərargahıdır. Ancaq bütün bu xüsusiyyətlərinə baxmayaraq, ziyarətçilər üçün açıqdır, hətta orada onun tarixi, bugünkü fəaliyyəti haqqında məlumat verən bələdçilər də fəaliyyət göstərir. Sarayın “Hofburgkapelle” adlı ayrıca kilsəsi də mövcuddur ki, əsrlər boyu imperator ailələrinə xidmət göstərib, siyasətçilər orada daim yanlış siyasi qərarlarının günahlarını yuyub, savaşlardan əvvəl Tanrıdan kömək diləyiblər.

44 filmi