Ursula fon der Lyayen Kanadaya Aİ-də xüsusi status verilməsini təklif edib
- 29 oktyabr, 2026
- 21:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin buna qarşı çıxmasına baxmayaraq, Kanadaya Aİ-nin ilk assosiativ üzvü statusunun verilməsini təklif edib.
"Report" xəbər verir ki, o bu barədə Monrealda keçirilən Aİ-Kanada sammitində bildirib.
"Məhz buna görə biz Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması ideyasını müzakirə edirik. Bu, ittifaqa üzv olmadan assosiativ status əldə etmək deməkdir. Biz indiyədək yaratdığımız bütün tərəfdaşlıq formatlarından daha çox üzvlüyə yaxın olan bir əməkdaşlıq modeli qura bilərik", - o deyib.
Daha əvvəl Almaniya və digər Aİ ölkələri Monreal sammitinin yekun bəyanatından Kanadanın assosiativ üzvlüyü barədə qeydin çıxarılmasında təkid edib.
Aİ və Kanadanın bəyannaməsinin yenilənmiş layihəsində "assosiativ üzvlük" anlayışı Avropa İttifaqına üzvlüyü nəzərdə tutmayan "daha sıx tərəfdaşlıq" qurmaq niyyəti ilə əvəzlənib. Tərəflər bu münasibətlərin məzmununu 2027-ci ildə keçiriləcək növbəti sammitədək müəyyənləşdirmək niyyətindədirlər.