Sorğu: Ukraynalıların 60 %-dən çoxu ABŞ-nin Kiyevə təzyiq göstərdiyini hesab edir
- 03 noyabr, 2026
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin müharibədən yorulduğunu və Rusiyanın xeyrinə güzəştlərə nail olmaq məqsədilə Kiyevə təzyiq göstərdiyini düşünən ukraynalıların payı may ayındakı 56 %-dən oktyabrda 61 %-ə yüksəlib.
"Report" Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir ki, tədqiqat 16-29 oktyabr tarixlərində aparılıb.
Məlumata görə, sorğuda iştirak edənlərin 30 %-i ABŞ-ni Ukraynanın etibarlı müttəfiqi hesab edir. Bu göstərici əvvəlki sorğunun göstəricisi ilə müqayisədə dəyişməyib.
Respondentlərin 69 %-i Avropanın Ukraynaya dəstəyi davam etdirdiyini və müharibənin ədalətli şərtlərlə başa çatmasına çalışdığını düşünür. May ayında sorğu iştirakçılarının 64 %-i bu fikirdə olub.
Sorğuda iştirak edənlərin 56 %-i Rusiyanın təkrar hücumu halında Avropanın öz öhdəliklərini yerinə yetirəcəyini və Ukraynaya kömək edəcəyini, 38 %-i isə bunun baş verməyəcəyini hesab edir. Aprel ayı ilə müqayisədə ciddi dəyişikliklər qeydə alınmayıb, lakin Avropanın dəstəyinə güvənənlərin payı bir qədər artıb.
Respondentlərin 54 %-i Rusiyanın təkrar hücum edəcəyi təqdirdə Vaşinqtonun Ukraynaya kömək etməyəcəyi, 32 %-i isə dəstəyin göstəriləcəyi qənaətindədir.
Sorğu Ukrayna hökumətinin nəzarətində olan bütün regionlarda mobil nömrələrin təsadüfi seçimi əsasında telefon müsahibəsi (CATI) metodu ilə aparılıb. Sorğuda 1 017 yetkinlik yaşına çatmış respondent iştirak edib.